Newscenter.az.9.10.2021. Millət vəkili Jalə Əhmədova mədəniyyət naziri Anar Kərimovla görüşüb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən millət vəkili bildirib ki, görüş zamanı Salyan rayonunun mədəniyyət sahəsini, o cümlədən kitabxana, muzey, mədəniyyət evləri, şəhər və kənd klublarının fəaliyyətini əhatə edən bir çox məsələlər müzakirə edilib:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qədim və zəngin mədəni dəyərlərə malik olan ölkəmizdə mədəniyyət məsələlərinin hər zaman diqqət mərkəzində saxlanmasından danışdıq. Cənab nazirə "Cəngi" Folklor xalq kollektivinin fəaliyyəti barədə məlumat verdim".
Jalə Əhmədova görüşdə qeyd edib ki, 1973-cü ildə Salyan rayonunda yaradılmış "Cəngi" milli nəfəs alətləri xalq kollektivi Folklor xalq kollektivi adına məhz Ulu Öndərin ölkəmizə rəhbərliyi zamanı, 1977-ci ildə layiq görülüb:
"Vaxtilə Yuqoslaviya, İspaniya, Avstriya, İran, Özbəkistan, Türkmənistan, Baltikyanı ölkələrdə çıxış etmiş, xarici ölkələrdə və respublikamızda keçirilmiş festivalların laureatı olmuş, Azərbaycanın fəxri fərmanları, SSRİ-nin qızıl medalı ilə təltif edilmiş "Cəngi" Folklor xalq kollektivinin üzvləri yüksək peşəkarlıq, heç bir ifa ilə müqayisə edilməyəcək dərəcədə zəngin və mükəmməl ifa tərzinə malikdir".
Jalə Əhmədova görüşün kifayət qədər məhsuldar keçdiyini bildirib və mədəniyyət naziri Anar Kərimova vaxt ayırıb onu qəbul etdiyinə görə təşəkkürlərini bildiriib:
"Cənab Prezidentin yüksək posta təyin etdiyi gənc nazirimizin ona göstərilmiş etimadı ən yüksək səviyyədə doğruldacağından əminliyimi ifadə edir və Azərbaycan mədəniyyətinin qorunması və inkişafı istiqamətində görəcəyi bütün işlərdə Anar Kərimova uğurlar arzu edirəm".
Ruhiyyə