Newscenter.az.9.10.2021. Oktyabrın 9-da Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb. Gənclər Təşkilatları Milli Şurasının ofisində keçirilən görüşdə 20 təşkilatın sədrləri iştirak edib.
Newscenter.az xəbər verir ki, nazir gəncləri dinləyib, qazandıqları nailiyyətlər və problemləri ilə maraqlanıb. Bu görüşə onların təkliflərini dinləməyə gəldiyini bildirən nazir, ölkəmizdə fəaliyyət göstərən 300-dən çox gənclər təşkilatı ilə silsiləli görüşlər keçirəcəyini qeyd edib.
Beynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatları sədrlərinin hər biri təmsil etdikləri QHT-nin fəaliyyəti barədə qısa məlumat veriblər.
Sağlam gənc nəslin formalaşması ilə yanaşı, beynəlxaq müstəvidə fəallığın artırılmasında gənclər təşkilatlarının üzərinə böyük iş düşdüyünü qeyd edən Fərid Qayıbov görüşdə səsləndirilən təkliflərin ümumiləşdirilərək müzakirə ediləcəyini, Gənclər və İdman Nazirliyinin kreativ ideyalara daim dəstək olacağını bildirib.
Sevinc