Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad olunmuş ərazilərin bərpası dövlətin prioritetidir



Newscenter.az.10.10.2021. Hər bir münaqişənin hüquqi müstəvidə həlli mümkündür. Əgər beynəlxalq vasitəçilər məsələyə ikili standartlar prizmasından baxmasaydılar bölgədə müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısını ala bilərdilər. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər.

İşğalı 30 il ərzində görməyən, indi isə olmayan işğalı görən qurum, ya kordur, ya da riyakardır. Otuzillik işğal dövründə, cəmi iki dəfə faktaraşdırıcı missiya göndərildi və məruzə hazırlandı. Ermənilərin bütün cinayətləri məruzədə göstərildi. Sonuncu belə bir missiya təqribən 10 il əvvəl həyata keçirilmişdi. Azərbaycan dəfələrlə Minsk qrupuna, onun həmsədrlərinə müraciət etmişdi ki, yenə də missiya göndərilsin. Çünki orada qanunsuz məskunlaşma aparılırdı, Suriyadan, Livandan, başqa yerlərdən ermənilər gətirilib məskunlaşdırılırdı. Bu, hərbi cinayətdir. Bütün beynəlxalq konvensiyalara görə bu, hərbi cinayət sayılır. Lakin bu cinayətlər qarşısında beynəlxalq vasitəçilərin susması Ermənistanı yeni cinayətlərə sürüklədi.

Nəticədə Azərbaycan dövləti bizə qarşı törədilən təxribatlara cavab vermək məcburiyyətində qaldı. 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin Zəfəri və tarixi ədalətin bərpası ilə yekunlaşdı. Bu tarixi Zəfər ölkəmizdə xalq-ordu-rəhbər birliyini bir daha təsdiqləməklə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bütün dünyaya sübut etdi.

Müharibə bitər-bitməz vaxt itirmədən Azərbaycan dərhal öz gücünü göstərdi və ərazilərin bərpa olunması işlərini başladı. Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı tikinti-quruculuq işləri, həyata keçirilən irimiqyaslı layihələr dövlətimizin iqtisadi gücünün göstəricisidir. Qardaş Türkiyə dövlətinin nüfuzlu şirkətlərinin aparılan bərpa işlərində yaxından iştirakı hər birimizi sevindirir və qürurlandırır.

Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Həmçinin Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Artıq birinci yaşayış binasının təməli qoyuldu. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm də xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.

Hazırda Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb. Zəngilana həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. Gələcəkdə regionun beynəlxalq əhəmiyyətini artıracaq hava limanları tikilir. Bütün bu görülən işlər qəti əminlik yaradır ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək və Azərbaycanın dilbər guşəsi olaraq öz qonaqlarını qarşılayacaqdır.

Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Xəbəri paylaş