Newscenter.az.11.10.2021. Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Dəmir Muxetdinov ilə görüşüb.
Newscenter.az xəbər verir ki, qonağı salamlayan DQİDK sədri ölkəmizdəki dini durum, dinlərarası harmoniya, tolerant ənənələrə verilən dəyər, adət halını almış vəhdət namazları, eyni zamanda Dövlət Komitəsinin fəaliyyəti barədə danışıb.
Daha sonra Dövlət Komitəsinin sədri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun böyük qələbə əldə etdiyini bildirib. İşğaldan azad olunan torpaqlarda Ermənistanın beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törətməsi - həm müsəlman, həm də xristian dini abidələrini dağıtması, saxtalaşdırması, o cümlədən mədəni irsi yerlə yeksan etməsi haqqında məlumat verən Mübariz Qurbanlı artıq dövlət tərəfindən kəndlərin, şəhərlərin, eləcə də dini abidələrin, məscidlərin tikintisi və bərpası üzrə layihələrin icra olunduğunu vurğulayıb.
Söhbət zamanı Dövlət Komitəsinin sədri, eyni zamanda dini radikalizm və ekstremizm sahəsində dövlət tərəfindən aparılan qabaqlayıcı tədbirlər və mübarizə üsulları çərçivəsində həyata keçirilən kompleks maarifləndirmə layihələrinə toxunub. Həmçinin ölkəmizdə yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilən yeni ali dünyəvi təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinə diqqət çəkib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Dəmir Muxetdinov tarixi zəfər qazanan Azərbaycan xalqını möhtəşəm qələbə münasibətilə təbrik edib. İslam əleyhinə hörmətsizliklərə son qoyan, Azərbaycanın qanuni və tarixi torpaqlarının azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi dövründə bütün Rusiya müsəlmanlarının xalqımız üçün dualar etdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycan multikultural dövlətdir, bütün dinlərə, o cümlədən xristianlığa hörmətlə yanaşır, qayğı göstərir.
Görüşdə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Rusiyanın müvafiq ali təhsil ocaqları arasında əlaqələrin qurulması, dinin siyasiləşdirilməsinə qarşı mübarizə sahəsində fikir və təcrübə mübadiləsinin aparılması barədə müzakirələr aparılıb.
Yekunda qonağa DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Mehman