Newscenter.az.11.10.2021. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.
Newscenter.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, növbəti video çarxda xalq artisti Şamil Süleymanov fikir və düşüncələrini bölüşüb: “Atamın 7 yaşı olanda ailəsi ilə Cıdır düzündə bir qayanın yanında şəkil çəkdirmişdi. Biz də ailəmizlə mənim 7 yaşım olanda o qayanın yanında şəkil çəkdirmişdik. Cıdır düzünə gedəndə inanın ki, o qaya məni çağırdı. O qayanın yanında padşahlar kimi oturdum. Çünki mənim müzəffər Ali Baş Komandanım var, mən də onun əsgəriyəm. Elə də oturmalı idim: qalib kimi.”
Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinləri möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər.
Videolayihə əsasında çəkilişlər davam etdirilir.