Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat: "“Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı"

Deputat: "“Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı"


Newscenter.az.13.10.2021. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söylədiyi dəyərli sözlər 44 günlük Vətən müharibəsinin çətin, amma şərəfli günlərini bir daha gözlərimiz önündən keçirdi. Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyətə malik idi. Hərbi və strateji baxımdan bu əməliyyat çox böyük önəm daşıyırdı. Onun uğurla başa çatması Ordumuzun Qarabağı azad etmək hədəfini reallaşdırdı. Çünki Hadrut ətrafında yerləşən yüksəkliklər böyük əraziyə nəzarət etməyə şərait yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

O qeyd edib ki, düşmən böyük canlı qüvvə ilə Hadrutda dirəniş göstərsə də, Azərbaycan əsgəri qarşısında davam gətirə bilməyib məğlubiyyətə uğradı. Xalqımız döyüşərək, qan tökərək, şəhidlər verərək uzun fasilədən sonra Hadruta – Xocavəndə qayıtdı. Şəhidlərimizin qanı, canı bahasına tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq.

“Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Çünki rəsmi İrəvan Azərbaycan Ordusunun Hadrutu azad edə biləcəyinə inanmırdı. Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış məntəqələrini işğalçılardan azad etməsi göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq öhdəliyi götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq.

Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə xalqına yalan informasiyalar verərək bəyan edirdi ki, Hadrut ermənilərdədir. Azərbaycan Ordusu Hadrutda bayrağımızı qaldırmaqla erməni yalanlarına son qoydu. Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərinin bərpa və yenidənqurma işlərinə başlayıb. Digər ərazilərimizlə yanaşı, Hadrutun da inkişafı ilə bağlı perspektiv planlar artıq müəyyənləşdirilib. Belə ki, Hadrutun beynəlxalq mədəniyyət və turizm mərkəzi olması nəzərdə tutulur. Artıq Hadrutun baş planının ilkin layihəsi də hazırlanıb və qəsəbənin bərpası işlərinə start verilib. Burada dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası və məscid tikiləcək. Hadrutun tarixi hissəsinin yenidən qurulması və tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzlərinin və otellərin tikilməsi nəzərdə tutulur. Azərbaycanın inzibati-ərazi bölgüsünə görə Xocavənd rayonunun tərkib hissəsi olan Hadrut qəsəbəsi tarixinin ən böyük tikinti-quruculuq dövrünü yaşayır, desək, yanılmarıq.

Əminik ki, işğaldan azad olunmuş bütün ərazilərimiz tezliklə bərpa olunacaq və doğma sakinlərinin ixtiyarına veriləcək. Bu işdə yaxından iştirak etmək isə vətəndaş olaraq hər birimizin müqəddəs borcudur”.
Xəbəri paylaş