Newscenter.az.13.10.2021. Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi Cəbrayıl rayon mərkəzinin və bir sıra kəndlərin erməni işğalından azad edilməsindən sonra həyata keçirilən əməliyyat nəticəsində mümkün oldu. Hadrutun azad edilməsi Azərbaycan Ordusunun Vətən Müharibəsində imza atdığı çox uğurlu hərbi əməliyyatlardan biridir.
Qəsəbənin azad edilməsi əməliyyatından əvvəl Azərbaycan Ordusunun hissə və bölmələri Hadrut ətrafında yerləşən hakim yüksəklikləri erməni silahlılarından azad etdi. Hadrut ətrafında yerləşən yüksəkliklərdən isə Hadrut tam müşahidə altına düşdü və faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi. Bundan sonra Hadrut qəsəbəsində qalan mülki ermənilərin ziyan görməməsi şərtilə ərazi düşməndən təmizləndi.
Hadrutun azad eilməsi üzrə döyüş əməliyyatı Azərbaycan Əsgərinin mülki əhaliyə nə qədər həssaslıqla yanaşması və heç vaxt mülki əhaliyə qarşı müharibə aparmadığını sübut edən döyüşlər kimi yaddaşlarda qaldı. Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq, müharibə dövründə yalnız hərbi birləşmələrə qarşı müharibə apardı, onları məhv edərək torpaqlarımızdan qovdu.
Hadrut qəsəbəsinin azad edilməsi, Azərbaycan Ordusunun yalnız ətraf rayonları deyil, paralel olaraq Qarabağın dağlıq hissəsinin işğaldan azad etməkdə qərarlı olduğunu nümayiş etdirdi. Hadrutun itirilməsi Ermənistan cəmiyyətində narazılıqları artıracağı şübhəsiz idi. Buna görə də Ermənistan rəhbərliyi, Müdafiə Nazirliyi, digər rəsmi qurumlar və Peqov tipli ələbaxan xarici media nümayəndələri, Hadrut qəsəbəsinin Azərbaycanın nəzarətində olduğu halda, erməni xalqını uzun müddət aldatmaqda davam edirdilər. Peqovun daha əvvəl Hadrutda çəkdiyi kadrlarını paylaşanlar, Hadrutun mərkəzində Azərbaycan Bayrağını görəndən sonra da reallıqları etiraf etmirdilər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2021-ci il 9 oktyabr tarixində Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd edib: ”Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik”.
Rəsmi İrəvan hesab edirdi ki, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun inzibati mərkəzi idi. Ermənistan rəhbərliyi və ictimaiyyəti gördü ki, Azərbaycan üçün bütün torpaqlar doğmadır – istər Füzuli olsun, istər Cəbrayıl olsun, istər Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ermənilərə və onların havadarlarına dəmir yumruğun gücünü göstərmiş oldu. Regionda marağı olan bütün qüvvələr və Ermənistan anlamalıdır ki, Qarabağ Azərbaycandır!
Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi