Newscenter.az.14.10.2021. Prezident İlham Əliyev Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən işlərlə işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirir. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə bərpa işlərinə start verilib və bu prosesdə Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, İsrail, Çin və başqa ölkələr, dünyanın iri şirkətləri, maliyyə institutları iştirak edir, həmin bölgəyə sərmayə yatırırlar. Sirr deyil ki, Ermənistanın işğalçılıq siyasəti və havadarlarının dəstəyi ilə Qarabağ, Şərqi Zəngəzur “boz zona”ya çevrilmişdi. Narkotacirlərin, terrorçuların yuvasına çevrilmiş bu ərazilər Azərbaycanın sayəsində dünya dövlətlərinin və şirkətlərinin əməkdaşlıq platforması kimi formalaşmaqdadır.
İşğaldan azad edilmiş ərazilərdə ermənilərin törətdikləri vandalizm əməllərinin nəticələrini qısa müddət ərzində aradan qaldırmaq, Qarabağı, Şərqi Zəngəzuru cənnətə və turistlərin ən çox sevdiyi məkanlardan birinə çevirmək məqsədilə bərpa və yenidənqurma işləri sürətlə davam edir. Ermənistanın 30 illik işğalı müddətində Azərbaycan ərazisində basdırdığı minaların xəritələrini verməməsi ilə Qarabağda yenidənqurma və bərpa işlərinə maneələr yaratmağa cəhdlər etsə də, həmin ərazilər tarixiliklə müasirliyin vəhdətində yenidən tikilir, bərpa edilir. Heç kəsdə şübhə yoxdur ki, Azərbaycanın dilbər guşəsi Qarabağ görülən işlərin nəticəsində yaxın zamanlarda bütün dünyanı heyrətə gətirəcək.
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı, sürətli bərpa və yenidənqurma işlərinin, yol-nəqliyyat, enerji təchizatının və başqa infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayan Milli Məclisin deputatı əlavə edib: “Vətəndaşların doğma torpaqlarına tezliklə qayıtması hökumətin prioritet vəzifəsidir və bu istiqamətdə ciddi səylər göstərilir, böyük resurslar səfərbər olunur. Bu barədə İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində danışan Prezident İlham Əliyevin sözləri ilə desək, azad edilmiş ərazilərə nəhəng sərmayə qoyuluşu həyata keçirilir. Yalnız bu il üçün 1,3 milyard ABŞ dolları vüsət alan genişmiqyaslı quruculuq işlərinə sərf edilməkdədir”.
Prezident İlham Əliyev qətiyyəti və yenilməz sərkərdə əzmi ilə müzəffər Ordumuzun gücünə və xalq-iqtidar birliyinə söykənərək düşməni qısa müddətdə necə məğlub edibsə, o cür yenilməz ruhla da işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərini həyata keçirməkdədir.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı