Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polkovnik: “MTN əməkdaşları məndən 315 min dollar aldılar”



Newscenter.az.14.10.2021. Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik Mirzəli Yusifov dindirilib.

O deyib ki, 2009-2013-cü illərdə Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi vəzifəsində çalışıb: “2007-ci ildə MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə çağırıldım. İdarədə mənə saxta ittihamla cinayət işi açacaqlarını bildirdilər və həbs edəcəkləri ilə şantaj olundum. Onlar məndən əvvəl 275 min dollar, daha sonra isə 25 min dollar pul aldılar. Bir qədər sonra isə 15 min dollar pul verməyə məcbur olundum. Ümumilikdə məndən 315 min dollar pul alındı”.

M.Yusifov söyləyib ki, 2013-cü ildə AAHM rəisi vəzifəsindən azad olunandan sonra yenidən Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə dəvət edilib: “İdarədə məni döydülər, qulaqlarımın pərdəsi deşildi. Həmin vaxtı nazirliyin əməkdaşları Elcan Abdullayev və Nadir Nəzirov orada iştirak edirdi. Onlar məndən 300 min dollar pul tələb etdilər. Həmçinin həmin şəxslər sabiq müdafiə naziri Səfər Əbiyevin əlehinə ifadə verməyimi tələb etdilər. İmtina etdim. Bildirdilər ki, eyni kamerada Səfər Əbiyevlə birgə saxlanılacam, digər kamerada isə general Məmməd Beydullayev və Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov da olacaq. Mən qəti şəkildə bundan imtina etdim. Elə də oldu, rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay müddətinə azadlıqdan məhrum edildim, cəzamı isə çəkib azadlığa çıxdım”.

Növbəti proses oktyabrın 21-də davam etdiriləcək.
Xəbəri paylaş