Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-da növbəti tədris laboratoriyasının açılışı olub



Newscenter.az.15.10.2021. Azərbaycan Texniki Univerisitetində (AzTU) Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən maliyyələşdirilmiş “Cezeri Lab” laboratoriyasının açılışı olub.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, təhsil nazirinin müavini İdris İsayev, TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz və universitet nümayəndələri iştirak edib.

Qeyd olunub ki, “Cezeri Lab” 3D texnologiyaları və elektronika sahəsində ixtisaslaşmış laboratoriyadır. Tələbələr burada müxtəlif əşyaların istehsalı və dizaynı prosesini öyrənəcək.

Laboratoriya 3D-skaner, 3D UV, 3D çap filamenti, CO2 lazer kəsmə və işarələmə, masaüstü torna, rəqəmsal mikroskop, vertikal frez, təmir və bərpa işlərində istifadə edilə biləcək burğu dəzgahları, həmçinin masaüstü CNC router, arduino proqramlama, peşəkar və həvəskar lehimləmə dəstləri, robotexnika və elektronikanın tədrisi üçün müasir avadanlıqlar, məngənələr, müxtəlif çeşidli alətlərlə təchiz edilib.

Laboratoriyada lazer kəsimi zamanı yarana biləcək toz hissəciklərinin havanı çirkləndirməsinin qarşısını almaq üçün xüsusi qurğu da quraşdırılıb. İnternetlə təchiz olunmuş kompüter və proyektor “Cezeri Lab”da tələbələrin araşdırma aparması üçün nəzərdə tutulub.

“Cezeri Lab”la tanışlıqdan sonra qonaqlar belə bir laboratoriyanın AzTU-da qurulması üçün TİKA-ya təşəkkür edib, tələbə və müəllim heyətinə isə yeni layihə və ideyalarında uğurlar arzulayıblar.

R.Mehdiyeva
Xəbəri paylaş