Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Təbrizin harayına səs verdi!



Newscenter.az.15.10.2021. Azərbaycanın fəaliyyət göstərən insan hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafiəçisi İranda soydaşlarımızın həbsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsi və “Amnesty İnternational” Təşkilatına müraciət ünvanlayıb.

Bu tarixi bir hadisədir. Bakı axır ki Təbrizin illərdir səslənən harayına cavab verdi. Cənubi azərbaycanlılar illərdir İranın antidemokratik totalitar rejiminin altında əzilir, kütləvi repressiyalara, təzyiqlərə məruz qalır. Cənublu soydaşlarımız öz doğma ana dillərində belə danışa bilmir. Fars dilini öyrənməkdən imtina edənlərə qarşı müxtəlif formada maneələr törədilir.

Təbriz bu günə qədər Bakının köməyinə çağırılmadan dəfələrlə yetib. Birinci Qarabağ müharibəsi zamanı yüzlərlə cənublu soydaşımız könüllü şəkildə Qarabağa gələrək döyüşmüş, qəhrəmanca şəhid və qazi olmuşdur. İran illərlə bu faktı Azərbaycana yardım adı altında təqdim etsə də realda həmin yardım Tehranın deyil, Təbrizin iradəsi ilə baş tutmuşdu.

Cənublu soydaşlarımız İkinci Qarabağ müharibəsi zamanı da əllərindəki minimum imkanla ölkəmizə maksimum dəstək olub. İranın Ermənistana təmənnasız göndərdiyi silah və yanacaq dolu TIR-ların qarşısını kəsən, yandıran cənubi azərbaycanlılar bu müharibədə hər zaman olduğu kimi şimallı soydaşları ilə birlikdə olduqlarını nümayiş etdirdi.

Bu gün məhz 44 günlük müharibə zamanı Azərbaycana yardım etdikləri üçün həsdə olan onlarla cənubi azərbaycanlı soydaşımız var. 35 milyondan artıq cənubi azərbaycanlının taleyi müqəddəratı İranın antidemokratik rejiminin insafına buraxılmamalıdır.

Rəsmi Tehran illərdir apardığı ikiüzlü siyasətin, eyni zamanda cənubi azərbaycanlılara qarşı etdiyi haqsızlıqların hesabını verməlidir. İndiki halda həbsdə olan cənublu soydaşlarımızın azadlığa bulaxılması üçün əlimizdən gələni etməliyik.

Rəsmi Bakı bu günə qədər İran ilə xoş qonşuluq münasibətləri içərisində olub və rəsmi Tehrandan da bunu gözləyib. İranın şimalı Azərbaycanın tarixi torpaqları olsa da rəsmi Bakı bunu qabardıb İrana qarşı torpaq iddiası ilə çıxış etməyib. Ancaq İranın yeni hakimiyyətinin Azərbaycanın daxili işlərinə kobud müdaxilələri və Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamlar rəsmi Bakının səbr kasasını artıq daşırıb.

Azərbaycanda guya beynəlxalq terrorçuların varlığı haqqındakı ittihamlar səsləndirən İran bu gün rəsmi Bakını hərəkətə keçirib. Rəsmi Bakı ilk dəfədir ki, İranda siyasi məhbusların olduğunu beynəlxalq təşkilatlara bildirir. Əminəm bunun ardı gələcək.

İran başa düşməlidir ki, əslində o şirin quyruğu ilə o oynadı. Şirin quyruğu ilə oynayan da gec-tez bunun bədəlini ödəməlidir. Əminəm ki, rəsmi Bakının istəyi ilə Azərbaycanın fəaliyyət göstərən insan hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafiəçisinin İranda soydaşlarımızın həbsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsi və “Amnesty İnternational” Təşkilatına ünvanladığı müraciət beynəlxalq ictimaiyyət tərəfindən geniş səs gətirəcək.

Faktiki olaraq rəsmi Tehrandan narazı olan qüvvələr üçün bu əvəzsiz fürsətdir. Bakı topu indi beynəlxalq ictimaiyyətin üzərinə ataraq İrana qarşı təzyiqin artırılmasını istəyir. Düşünürəm bu istiqamətdə bundan sonrada müvafiq addımlar atacaq.

Turan Rzayev-"Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti
Xəbəri paylaş