Newscenter.az.15.10.2021. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) ibtidai təhsil səviyyəsində qiymətləndirmə mövzusuna dair görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə Fransanın DELF imtahanı üzrə yüksək ixtisaslı eksperti, Bakı şəhərində yerləşən "SABIS SUN" beynəlxalq məktəbinin ingilis dili müəllimi Keti Revl, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə vəTəlimə Dəstək Mərkəzinin metodistləri iştirak edib.
Görüşün keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, ümumi təhsildə qiymətləndirmə prosesində daxili və xarici keyfiyyət təminatını təkmilləşdirmək, müvafiq Avropa təcrübəsini bölüşmək, Azərbaycan məktəblərində qiymətləndirmə metodikası və qaydalarının təkmilləşdirilməsinə köməklik göstərməkdən ibarətdir.
Ekspert, beynəlxalq məktəbin ingilis dili müəllimi Keti Revl görüş zamanı ibtidai təhsil səviyyəsində qiymətləndirmə mövzusuna dair təqdimatla çıxış edib.
Tədbir iştirakçıları məktəbdaxili qiymətləndirmənin yeni yanaşma və tədqiqatları, formativ, summativ və yekun qiymətləndirmənin tətbiqi, qiymətləndirmə sahəsi üzrə testlərin hazırlanması, özünüqiymətləndirmə, məktəbdaxili qiymətləndirmədə açıq sualların əhəmiyyəti kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.
Görüşdə Azərbaycanın və Fransanın ümumi təhsil məktəblərində ibtidai siniflər üzrə təhsil proqramları və qiymətləndirmə standartları müzakirə edilib, fikir mübadiləsi aparılıb.
R.Mehdiyeva