Newscenter.az.15.10.2021. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələri uğurla reallaşdıran AFFA, ölkəmizin müxtəlif bölgələrində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsini həyata keçirməkdədir. Layihə çərçivəsində təşkil olunan tədbirlər bu il ərzində neçə-neçə rayonun qəsəbə və kəndlərində, həmçinin Gəncə şəhərinin Kəpəz rayonunda Vətən müharibəsi zamanı ermənilərin raket hücumuna məruz qalmış ərazisində keçirilib.
Newscenter.az xəbər verir ki, məlumatı Milli Məclisin deputatı Jalə Əhmədova özünün facebook səhifəsində verib. Bildirib ki, növbəti tədbir isə onun şəxsi təşəbbüsü, AFFA-nın və Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünən Salyan rayonunun Kürkənd kəndində baş tutub:
"Tədbirdə 50 nəfər məktəbli uşaq iştirak etdi. Onu da qeyd edim ki, tədbirdə 23 sentyabr 2021-ci il tarixdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin “Birləşmiş idman və inklüziv gənc liderlik” layihəsi çərçivəsində qızlar arasında keçirilmiş mini-futbol üzrə zona yarışının qalibləri olan Salyan futbol komandası da iştirak edirdi. Qızıl medal qazanan qızlarımız nəinki Salyanın, bütün Azərbaycanın fəxridir. AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, deputat həmkarlarım Arzu Nağıyev və Sabir Hacıyev, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edərək “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinin əhəmiyyətini vurğuladım. Respublikamızın müxtəlif bölgələrində, kənd və qəsəbələrində gerçəkləşdirilən bu layihənin idmanın inkişafında, uşaqların idmana marağının daha da artırılmasında mühüm rol oynayacağını qeyd etdim. Habelə layihənin Salyanda keçirilməsi təşəbbüsümü müsbət qarşıladığına görə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyevə təşəkkürlərimi ifadə etdim".
Deputat qeyd edib ki, Kürkənd kəndində keçirilən tədbirdə, iştirakçı 50 məktəbliyə futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları hədiyyə edilib.
Ruhiyyə