Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti iclası keçirilib



Newscenter.az.15.10.2021. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin növbəti iclası keçiriib, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov müvafiq nümayəndə heyətləri ilə tədbirdə iştirak ediblər.

Newscenter.az Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən xəbər verir ki, iclasda MDB regionunda mövcud olan təhlükəsizlik mühitinə mümkün təhdidlər, xüsusən Əfqanıstan ətrafında yaranmış vəziyyət, onun beynəlxalq terrorçuluqla mübarizəyə təsiri, habelə MDB ölkələrində ictimai-siyasi sabitliyin pozulmasına yönələn və bəzən üçüncü ölkələrin ərazisindən həyata keçirilən pozuculuq fəaliyyətinin qarşısının alınması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Müzakirə olunan mövzular istiqamətində uğurlu nəticələrin əldə olunmasının iştirakçı dövlətlərin birgə səyləri nəticəsində mümkün olduğu xüsusi qeyd edilib.

Bildirilib ki, destruktiv qüvvələrə qarşı səmərəli və effektiv mübarizə aparılması, MDB məkanında təhlükəsizliyin qorunub saxlanması, ölkələrin milli maraq və mənafelərinin etibarlı təmin olunması üçün xüsusi xidmət orqanları arasında əməkdaşlıq münasibətləri daha da genişlənməli, mütəmadi analiz və monitorinqlər keçirilməklə faydalı məlumat mübadiləsi işi daim təkmilləşdirilməlidir.

Qeyd olunub ki, bu gün dünyanın bir çox yerlərində silahlı münaqişə ocaqlarının olması, nəzarətsiz ərazilərin mövcudluğu, narkotik qaçaqmalçılığı və terrorçu-ekstremist qruplaşmaların öz fəaliyyətlərini aktiv şəkildə davam etdirməsi əmin-amanlığa ciddi təhdidlər yaratmaqla yanaşı, təhlükəsizlik və kəşfiyyat strukturlarını da yeni çağırışlarla üzbəüz qoyub. Bu səbəbdən də müvafiq orqanlar arasında əlaqələndirilmiş və sistemli işin daha yüksək səviyyədə təşkil olunmasının, zərurət olduğu təqdirdə pozucu ünsürlərə qarşı birgə əməliyyatların keçirilməsinin vacibliyi vurğulanıb.

Nümayəndə heyətlərinin rəhbərlərini Rusiya Prezidenti Vladimir Putin də videoformatda qəbul etmiş, müzakirəyə çıxarılan məsələlərlə bağlı öz tövsiyələrini verərək, MDB-yə üzv ölkələrin təhlükəsizliyi əleyhinə olan təhdidlərə qarşı MDB kəşfiyyat xidmətlərinin potensialından istifadə olunmasının önəmini vurğulamış və tədbir iştirakçılarına gələcək işlərində uğurlar arzu edib.

Anar
Xəbəri paylaş