Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Öz xalqına verdiyi vədləri yerinə yetirməyi bacaran LIDER



Newscenter.az.15.10.2021. Bu gün ölkəmizin siyasi təqvimində olduqca əlamətdar bir gündür. Belə ki, zəmanəmizin ən uğurlu siyasi liderlərindən biri kimi adını tarixə yazdırmağı bacaran İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 18 il keçir. Bəli, 2003-cü ilin məhz bu günündə İlham Əliyev xalqımızın ümid və etimadına söykənərək seçkilərdə inamlı qələbə qazandı, Azərbaycan Prezidenti seçildi. Beləliklə, onun qarşısında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olmağın sübutu üçün tarixi bir mərhələ başlandı.

Xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçməklə ən doğru seçimini etmiş oldu. Bunu sonrakı proseslər və zaman da təsdiqlədi. İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycan bir əsrə bərabər misilsiz inkişaf yolu keçdi. Bu mənada siyasi şərhçilərin ötən 18 ili əsrə bərabər tarixi dövr adlandırmalarında böyük bir həqiqət var. Prezident İlham Əliyevin dövlətçilik sükanı arxasında ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək liderlik qabiliyyəti, idarəçilik məharəti, milli maraqlara söykənən və müdrikliklə müşayiət olunan daxili və xarici siyasəti bu illər ərzində öz müsbət nəticələrini verdi.

Onun uğurlu siyasəti ölkəmizin siyasi nüfuzunun artmasına, iqtisadi imkanlarının genişləndirilməsinə zəmin yaratdı. Azərbaycanın beynəlxalq arenadakı mövqeləri möhkəmləndi. Azərbaycan regional və qlobal miqyasda çox önəmli geosiyasi aktorlardan birinə çevrildi. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, habelə öz sıralarında dünyanın 120 ölkəsini birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatının sədri oldu. Həmçinin regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələrin hamısında birmənalı olaraq Azərbaycanın imzası var.
Ölkəmizin iştirakı və ya həlledici rolu olmadan Cənubi Qafqazda heç bir layihə həyata keçirilmir. Azərbaycan bu gün bir çox transmilli layihələrdə ya təşəbbüskar və rəhbər kimi, ya icraçı kimi, ya da etibarlı tərəfdaş kimi çıxış edir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri, kosmik orbitdəki “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərimiz belə qlobal layihələr sırasındadır. Bu layihələr ölkəmizi beynəlxalq miqyaslı enerji və nəqliyyat, rabitə və yüksək texnologiya mərkəzlərindən birinə çevirib və bütün bunların arxasında məhz Cənab Prezidentin siyasi iradəsi və qətiyyəti dayanır.

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə də son 18 ildə əldə olunmuş dinamik inkişafın davamı və məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Öz havadarlarına, dünyanın supergüclərinə arxalanan işğalçı Ermənistanı torpaqlarımızdan qovub çıxarmaq üçün heç şübhəsiz ki, iİlk növbədə inkişaf etmiş dövlət, güclü və qüdrətli ordu yaratmaq lazım gəlirdi. Prezident İlham Əliyev də son 18 ildə məhz bu kursa uyğun hərəkət etdi, hədəfinə doğru inamla irəlilədi və sonda bütün Qafqazın liderinə çevrilən güclü Azərbaycanı gördük. Bu mənada dövlət basşçımızın dəfələrlə qeyd etdiyi “Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb” ifadəsi tamamiləyerinə düşür. Prezidentin 18 illik fəaliyyətininin zirvəsində sözsüz ki, Qarabağın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası dayanır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi və Şanlı Ordumuzun şücaəti ilə qazanılan böyük Zəfər salnaməsi xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusunun bu parlaq qələbəsi regionda yeni geosiyasi reallıqların yaranmasına gətirib çıxardı. İndi regiondakı əsas həlledici söz sahibi məhz Azərbaycandır. Prezident İlham Əliyev müharibə günlərində böyük sərkərdəlik məharəti nümayiş etdirdiyi kimi indi də diplomatiya müstəvisində çevik siyasət yürütməsi ilə diqqəti cəlb edir. Biz əminik ki, Prezident İlham Əliyev ölkəmizi bundan sonra da zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru inamla aparmağı bacaracaq.

Öz xalqına verdiyi vədləri yerinə yetirməyi bacaran istənilən lider xoşbəxt liderdir. İlham Əliyev də xoşbəxt liderdir. Çünki İlham Əliyev 18 il bundan öncə mətbuata verdiyi ilk müsahibəsində özü üçün cızdığı “yol xəritəsi”ni, fəaliyyət proqramını, Prezident vədlərini yerinə yetirməyi bacardı.Odur ki, bu gün həmin müsahibədən kiçik bir parçanı xatırlamağımıza dəyər:

“-Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz?

-Gərək mən ümidləri doğruldam. Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm. Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur”.

Sonrakı proseslər İlham Əliyevin bu məsuliyyətin öhdəsindən layiqincə gəldiyini göstərdi. Bu gün əminliklə demək olar ki, İlham Əliyev dayandığı zirvənin haqqını layiqincə verməyi bacaran liderdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş