Newscenter.az.16.10.2021. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş prezident seçkilərində seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verməklə ulu öndər Heydər Əliyevin siyasi kursunu dəstəklədi. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Newscenter.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova söyləyib.
O deyib: “Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atıldı. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görüldü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Azərbaycanda idmanın kütləviləşməsi, Olimpiya İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəbin tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi”.
Deputat bildirib ki, ölkəmiz neft-qaz sahəsindəki uğurlarını davam etdirərək Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsi, Cənub Qaz Dəhlizi, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi nəhəng layihələrin icrasına nail oldu. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olundu, siyasi, iqtisadi imkanlarımız genişləndi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirildi.
Jalə Əhmədova qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdırıldı. Ən əsası isə, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edildi.
2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən deputat deyib: “Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bütün bu sistemli tədbirlərin uğurla həyata keçirilməsi bizə Vətən müharibəsində böyük Zəfəri qazandırdı.
Ötən 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlar deməyə əsas verir ki, Azərbaycan bundan sonra da sürətlə inkişaf etməyə davam edəcək və daha neçə-neçə yeni uğurlara imza atacaqdır”.
Ruhiyyə