Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tariflərə baxış qaçılmaz idi



Newscenter.az.16.10.2021. «Oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və ərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edildi. Qərara əsasən əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırıldı. Əhali üçün 1200-2500 m3-dək və 2500 m3-dən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanıldı. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırıldı».

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən «Azəriqaz» İstehsalat Birliyinin sədri Ruslan Əliyev qeyd edib ki, həqiqətən də tariflərə baxış qaçılmaz idi:

«Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Səbəblərdən biri budur ki, dövlət zərərlə işləyən və büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmağa çalışır. Yəni qurumların rentabelliyinin artırılması əsas prioritetlərdən biridir. Dayanmadan istehlakçı sayının çoxalması dövlətin xərclərinin artmasını qaçılmaz edir. Təsəvvür edin, 1000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir».

Ruslan Əliyev bildirib ki, digər səbəblərdən biri dünya bazarında təbii qaz da daxil olmaqla qiymətlərin yüksəlməsidir:

«Pandemiyanın nisbətən səngiməsinin fonunda dünya bazarında müşahidə olunan canlanma bu bahalaşmanı şərtləndirən amillərdən biridir. Xırda bir statistikaya fikir verin : Cari ildə sənaye sahələrində istehsalın bərpa olunması dünya bazarında qazın qiymətinə əsaslı şəkildə təsir etdi. İlin əvvəlində 1000 kub metri 335 dollar olan təbii qaz iyul ayında 500 dollara, avqustda isə 600 dollara yaxın olub. Sentyabr ayında birjalarda 1000 kubmetri 700 dollara qalxan qazın qiyməti oktyabr ayında rekord həddə - 1200-1400 dollar aralığına yüksəlib. Üstəlik, neft və qaz avadanlıqlarının qiymətindəki artım da maya dəyərinə kifayət qədər təsir edir. Beləliklə, bu artımların bütün xidmət sahələrinə təsiri tarif məsələsini məcburi şəkildə gündəmə gətirdi. İnanıram ki, iqtisadi asılılığın aradan qaldırılması xidmət sahələrində faydalı iş əmsalına xeyli təkan verəcək».

Sevinc
Xəbəri paylaş