Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

17 oktyabr tarixi sadəcə füzulililərin xatirəsində deyil, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq



Newscenter.az.17.10.2021. Füzuli rayonu doğma Azərbaycanımızın qədim tarixə, zəngin infrastruktur və tarixi abidələrə malik olan bölgələrindəndir. Əsası 1827-ci ildə qoyulan Füzulinin ilkin adı yerləşdiyi yaşayış məskəninə uyğun olaraq Qarabulaq adlandırılmışdır. 1930-cu ildə rayon təşkil olunmuş və Qarabulaq adı Qaryagin adı ilə əvəz olunmuşdur. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Erməni işğalından əvvəl Füzuli rayonunda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur.

23 avqust 1993-cü il tarixində Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə 1993-cü ilin dekabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əks hücum əməliyyatı baş tutdu. “Horadiz əməliyyatı” adı ilə tarixə düşən döyüşlər 5 yanvar 1994-cü ildə qələbə ilə başa çatdı. Döyüş əməliyyatları nəticəsində rayonun 22 yaşayış məntəqəsi və strateji əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad olundu. Hazırda işğalçılardan təmizlənmiş həmin ərazilərdə 65962 füzulili doğma yurd-yuvalarında yaşayır və fəaliyyət göstərir. Rayon əhalisinin qalan hissəsi isə məcburi köçkün olaraq Bakıda, Sumqayıtda və Azərbaycanın digər şəhər və rayonlarında məskunlaşmışdır. Erməni silahlı qüvvələri ilə mübarizədə füzulilər də qəhrəmanlıqla döyüşmüş, xeyli şəhid və itki vermişdir. Rayon sakinlərindən 400 nəfər əlil, 657 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düşmüşdür. Təhrik olunduğumuz bu silahlı münaqişələrdə göstərdiyi qəhrəmanlığa görə 8 nəfər füzulili Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Yaranma tarixi 1827-ci ildən hesablansa da bölgədə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi mədəniyyət nümunələri, qədim sikkələr, məişət əşyaları, antik dövrə aid abidələr, həmçinin orta əsrlərə aid tarixi-memarlıq və heykəltəraşlıq nümunələri, türbələr, qəbirüstü abidələr sübut edir ki, Füzuli rayonu vətənimizin çox qədim insan məskənlərindən biridir. Rayonun ərazisində yerləşən bu abidələr sırasına Horadiz şəhərindəki Baba Yaqub daş məqbərəsini (XIII əsr), Aşağı Veysəlli kəndindəki Mirəli türbəsini (XIV əsrə), XIX əsrin Cəlil türbəsini, XIX əsrdə tikilmiş məscidi, İmamzadə türbəsini və qədim körpüləri, Əhmədalılar kəndindəki sandığabənzər başdaşını, Qarğabazar kəndindəki Şah Abbas karvansarasını (XVII əsr), Füzuli şəhərindəki hamamı (XIX əsr) və digər abidələri aid etmək olar. Bundan başqa daş dövrü insanlarının yaşayış yeri sayılan Azıx mağarası da Füzuli şəhərinin yaxınlığında yerləşir.

Ordumuz güvənc yerimiz, milli qürurumuzdur. Vətən adlı əmanətin keşikçisi, arxamız, dayağımızdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ərazi bütövlüyümüzün bərpası uğrunda başlanan Vətən müharibəsi Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, sərkərdəlik bacarığını, tarix yazan şanlı Azərbaycan Ordusunun mütəşəkkilliyini, hərbi hazırlığını və döyüş əzmini bütün dünyaya göstərdi. 44 günlük Vətən müharibəsinin ilk günündən bir-birinin ardınca yaşayış məntəqələrinin, kənd və şəhərlərin azad olunması ilə nəticələnən döyüş əməliyyatları arasında Füzuli əməliyyatı öz mühüm əhəmiyyəti ilə seçildi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 30 il ərzində düşmənin təmas xəttində qurduğu möhkəm istehkamlar dağıdıldı. Ən tanınmış hərbi ekspertlərin belə “Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq” qənaətini şanlı ordumuzun döyüş əzmi yerlə bir etdi. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Böyük rəmzi məna daşıyan bu əməliyyat nəticəsində bizim tarixi, qədim yaşayış məskənimizi Azərbaycan özünə qaytardı. Prezident İlham Əliyev oktyabrın 17-də Füzulinin azad olunması ilə bağlı xalqa müraciətində deyirdi: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

17 oktyabr tarixi sadəcə füzulililərin xatirəsində deyil, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Artıq çox yaxın zamanda həsrət bitəcək. Minlərlə məcburi köçkün taleyi yaşayan insanlar öz yurduna dönəcək. Gözü yolda qalmış torpaqlarımız sevinəcək, əzizlərinin ayaq səsinə, hənirtisinə həsrət məzarlar sevinəcək, İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin, bu böyük amal uğrunda şəhid olan övladlarımızın ruhu da şad olacaq, rahatlıq tapacaqdır.

Ümumilikdə Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə 80 nəfərədək rayon sakini şəhid olmuş, 300 nəfərədək sakin isə yaralanmışdır.

Füzuli uğrunda gedən və qalibiyyətlə bitən döyüşlər ordumuzun döyüş bacarığının, şəhid və qazilərimizin fədakarlığının nəticəsidir. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin, bu mühüm qələbədə payı olanların şücaət və vətənpərvərliyi diqqətdən kənarda qalmamış, dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bizim işimiz haqq işi, apardığımız müharibə ədalətlidir. Hərbi cinayətlər törədərək dinc əhalinin, mülki vətəndaşların, azyaşlı uşaqların məhvinə səbəb olan, müharibə zonasından çox uzaq əraziləri – Gəncəni, Mingəçeviri, Bərdəni raket atəşinə tutan xain düşməndən fərqli olaraq biz gücümüzü döyüş meydanında sınayır, üz-üzə döyüşlərdə qisasımızı alır, düşməni diz çökdürürük. Azərbaycan xalqının iradəsindən güc alan müzəffər ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdır.Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri əlbəttə ki, yerli şəraitlə tanışlıq, bərpa-quruculuq işləri ilə bağlı olmuşdur. Dövlət başçısının bu məqsədlə ilk səfəri 2020-ci ilin noyabrın 16-da, böyük qələbədən dərhal sonra Füzuliyə oldu. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəldilər. Bu səfərində Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş vermiş və Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun çəkilişinə start verilmişdir. Ölkə başçısı öz çıxışında yolun çəkilişi ilə bağlı demişdir: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”. Sonra Azərbaycan Prezidenti və birinci xanım işğaldan azad olunmuş Füzuli şəhərinə gəlmişlər. Dövlət başçısı Füzuli şəhərində üçrəngli Azərbaycan bayrağını qaldırdı. Müasir Azərbaycan tarixinin ən şanlı səhifələrindən idi o an. Müzəffər ordumuzun düşmən tapdağından azad etdiyi tarixi torpaqlarımızda üçrəngli müqəddəs bayrağımız əbədi dalğalanacaqdır.

Cari ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər etmişdir. Bu səfərlər çərçivəsində, yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Artıq inşası başa çatmaq üzrə olan, ölkə başçısının“Qarabağın hava qapısı” adlandırdığı Füzuli Beynəlxalq Hava Limanı ən müasir tələblər səviyyəsində inşa olunur. Qeyd edək ki, artıq sentyabr ayında Füzuli Beynəlxalq Hava Limanına sınaq reysi həyata keçirilib. Belə ki, Bakıdan uçuş edən AZAL-ın “Qarabağ” adlı sərnişin təyyarəsi Füzuli aeroportunda eniş edib. Həmçinin dövlət başçısının fevralın 15-də azad olunmuş ərazilərə növbəti səfəri zamanı işğaldan azad olunmuş torpaqlara gediş-gəlişi asanlaşdıracaq, uzunluğu 100 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin, martın 15 olan səfəri çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna növbəti səfər zamanı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanış olmuş və “Füzuli” yarımstansiyasının açılış mərasimində iştirak etmişlər.

30 il ərzində işğal altında saxladığı torpaqları xarabazara çevirən, flora və faunasını tar-mar edən, evləri viran qoyan erməni vandallarının törətdiyi misli görünməmiş vəhşiliklər artıq təkcə ölkə vətəndaşlarına deyil, bütün dünya ictimaiyyətinə məlumdur. Müharibə getdiyi dövrdə və sonralar dəfələrlə xarici qonaqlar bu ərazilərdə olmuş, erməni vəhşiliyinin acı nəticələrini öz gözləri ilə görmüşlər. Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 06 noyabr tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradıldı. Noyabrın 12-də Azərbaycan Respublikasının Baş Naziri Prezidentin tapşırıqlarının həyata keçirilməsini təmin etmək üçün müvafiq Sərəncam imzalamışdır. Sərəncama əsasən Dağıntı və ziyanın müəyyənləşdirilməsi məqsədilə işçi qruplar yaradılmışdır. İşçi qrup tərəfindən erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir.

Zəfərlər yaşadır xalqı. Tariximizə qızıl hərflərlə yazılan, azadlığın şirinliyini bizə daddıran, qalibiyyət duyğusunu bizə yaşadan böyük zəfərlər. Azad olan hər qarış torpağın, hər kəndin, hər yurdun sevincini yaşadıq 44 günlük Vətən savaşında. Bizi səbrimizlə sınayan, bitməyən ərazi iddiaları ilə zaman-zaman soyqırımlar, qırğınlar, misli görünməyən vəhşiliklər törədən, soydaşlarımıza didərginlik yaşadan erməni vandallarının sonunu gətirən böyük Zəfər savaşı!!!

Zəfərlər yaraşır xalqıma… Peşəkarlıq və mərdliyi ilə düşməni qorxuya salan Azərbaycan Ordusunun hər fərdinin payı var bu böyük zəfərdə. Hər birinə minnətdarıq. Onların sırasında gəncliyinə, yarımçıq qalmış ömrünə, arzularına yandığımız, igidliyiylə, mərdliyiylə, cəsarətiylə qürurlandığımız şəhid oğullarımız var. Sonsuz minnətlə anıb ruhları qarşısında baş əyirik. Yaralı oğullarımız, qazilərimiz var. Allahdan şəfa diləyir, böyük qələbəni, yeni quruculuq dövrünü, gələcək xoşbəxt günləri xalqımızla birgə yaşamaq üçün ömrünüz uzun olsun deyirik. Çəkdiyiniz acıları bizlərə halal edin, vətən sevdalı igidlərimiz! Uğrunda canınızdan keçdiyiniz, qanınızla suvarılan o müqəddəs torpaqlar – Füzulimiz, Şuşamız, Laçınımız, Kəlbəcərimiz, Zəngilanımız artıq bizimdir. “Qarabağ Azərbaycandır!”.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilan Rayon Nümayəndəliyinin bas meslehetcisi
Xəbəri paylaş