Newscenter.az.17.10.2021. “Vətən müharibəsinin gedişində 2020-ci ilin oktyabr ayının 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdi. Füzuli əməliyyatı ilə Azərbaycan Ordusu mümkünsüzü mümkün etmişdi. Sirr deyil ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdu. Ali Baş Komandan İlham Əliyevin çıxışlarında bildirdiyi kimi 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu və bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyildi. Hətta, ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Heç şübhəsiz ki, çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaq”.
Newscenter.az. xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib. Ramil Vəlibəyov bildirib ki, Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edirdi:
“Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. Azərbaycan Ordusunun peşəkarlığı və mərdliyi ilə düşməni qorxuya salmışdı. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur”.
“Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və etiraf edir ki, döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, qələbəni görən, bu hissləri yaşayan Azərbaycan xalqı əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və görüləcək:
“Artıq Qarabağın bütün ərazisində olduğu kimi Füzulidə də bərpa işləri həyata keçirilməkdədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri çərçivəsində Azərbaycan bayrağını qaldırıb, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlini qoyub, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli atılıb, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı olub. Əlavə olaraq dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılmaqdadır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülməkdədir. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcək”.
Ruhiyyə