Newscenter.az.17.10.2021. Böyüyüb-başa çatdığım qədim yurd yerimiz olan Basarkeçərin Aşağ Şorça kəndinin igid fədakar övladı, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətov haqqında danışmaq mənim üçün həm çətindir, həm də çox qürurvericidir. Gözümün önündə böyümüş belə dəyərli və əziz bir insan haqqında günlərlə danışmaq olar. Fəxr edirəm ki, Göyçə mahalının və Azərbaycanımızın belə qorxmaz qəhrəman övladları var.
Azadın ailəsinə yaxın bir adam kimi onların Vətəni necə məhəbbətlə sevdiklərini, doğma torpağa neçə dərin bağlı olduqlarını görmüşəm. Onun babasının adı da Azad idi, el-obanın tanınmış hörmətli ağsaqqalı idi, azad fikirli, qorxmaz, sözü üzə deyən, nər kimi kişi idi. Damarlarında əsil qeyrətli və yurda bağlı olan Türk kişisinin qanı axırdı, ermənilərə böyük nifrəti var idi, onların tarixi vəhşiliyi, türklərə qarşı amansız rəftarı və ikiüzlülüyü və qorxaxlığını üzlərinə deyər, qədim Göyçə mahalının türk torpağı və ermənilər bura gəlmə olduğunu söyləyərdi. Azad kişinin hünəri, igidliyindən təkcə Aşağ Şorcada deyil, Basarkeçərdə, Göyçədə danışardılar.
Nəvəsinin adının Azad qoyulması da təsadüfi deyildi, eynən babasına çəkmişdi, xaraktercə, xasiyyətcə, qorxmaz və azad bit tərzdə sözün düzünü deməkdə. Babası kimi cəsur və qoçaq bir gənc olan Azad Bakıda doğulsa da, onun qəlbində müqəddəs bir hiss – doğma Göyçəyə bir bağlılıq və sonsuz məhəbbət var idi. Göyçə mahalını qibləgahı hesab edirdi, göyçəlilərin adət-ənənələri ilə böyüyüb başa çatmışdı və Göyçənin ermənilərin ələ keçməsi ilə barışa bilmirdi, ruhunda həmişə öz ata-baba yurdunun həsrətini yaşadırdı, əzəli torpaqlarımıza qayıtmaq sevdası və yağı düşməndən ərazilərimizi azad etmək eşqi, məsləyi ilə böyüyürdü.
Göyçə mahalının nisgili və təcavüzkar Ermənistana olan nifrət hissləri Azadın hərbçi peşəsini seçməsində də az rol oynamamışdı. 17 yaşında Ali Hərbi Məktəbə daxil olaraq tank bölüyü ixtisasına yiyələnmişdi.
Onu da deyim ki, Azad kimi vətənpərvər qəhrəman oğullar Ali Baş Komandan İlham Əliyevin yetirmələridir. Məhz Cənab Prezidentin müdrik siyasəti sayəsində hərbi-vətənpərvərlik ruhunda tərbiyə etdiyi belə gənclərimiz yetişib, əsil peşəkar hərbçi, canını Vətənə fəda edən oğullar böyüyüb başa çatıb. Azadın peşəkar tankçı-hərbçi kimi yetişməsi, Baş Leytenant rütbəsinə layiq görülməsi də dövlət başçımızın uğurlu siyasətinin nəticəsidir. Bu cür gənclər üçün ən müqəddəs amal Vətəni erməni işğalından azad etmək idi, Azad da Ali Baş Komandanın əmrini gözləyirdi.
Nəhayət o tarixi gün gəldi, Vətən müharibəsi başlayanda Azad Hümbətov tağımı ilə birlikdə irəliyə atıldı, Füzuli, Qubadlı və Laşın istiqamətlərində gedən döyüşlərdə əsil qəhrəmanlıq göstərdi. Həyatını təhlükəyə ataraq düşmənin texnikalarını darmadağın etdi, ermənilərin 5 tankını öz hərbi mövqelərimizə gətirib çıxardı, peşəkar igid tankçı məharəti ilə düşmənə aman vermirdi. Bir neçə dəfə yaralanmasına baxmayaraq, döyüş yoldaşlarını düşmən mühasirəsindən çıxardı. Döyüşlərdə tankı ilə minaya düşən Azad Hümbətov ayağından yaralanmasına baxmayaraq tankı idarə edən yaralı mexaniki 25 km meşə ərazisində kürəyində daşıyaraq döyüş postuna gətirib çıxara bilmişdi. Həkimlərin təkidinə baxmayaraq, müalicəsini yarımçıq qoyaraq yenidən cəbhəyə qayıtdı, Vətən sevgisi onun qarşısın ala bilməzdi, Şuşanı azad etmək üçün bütün ağrı-acısını unudaraq gecə-gündüz komandanlıqla döyüş planları çızırdı.
Azad Laçın dəhlizinin azad edilməsi üçün fədakarlığı ilə hamını heyrətləndirmişdi, Laçının bir neçə kəndinin azad edilməsində xüsusi şücaiət göstərmişdi. Oktyabrın 27-də ağır döyüşlərin birində qəhrəmancasına şəhid olan Azada Şuşanı azad etmək qismət olmasa da, onun döyüş yoldaşları Şuşaya Azərbaycanın üçrəngli bayrağını sancdılar, erməni faşismini məğlub edərək başını əzdilər.
Ali Baş Komandan, Müzəffər Sərkərdə İlham Əliyev tərəfindən qəhrəman şəhidimiz Azad Hümbətovun döyüşlərdə göstərdiyi igidlik və sücaəti yüksək qiymətləndirilib, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunubdur.
Bu gün II Şəhidlər Xiyabanında uyuyan Azadın ruhu azaddır, şaddır, Qarabağ Azərbaycana qaytarılıb, Kəlbəcərdən Azadın doğma yurdu olan Göyçə mahalı ovuc içi kimi görünür, onun ata-baba torpağı indi bizə bir nəfəs qədər yaxındır.
Azad Hümbətovun ruhu qarşısında baş əyir, əziz xatirəsini hörmət və ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət etsin!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor