Newscenter.az.18.10.2021. Azərbaycan - müstəqil bir dövlətdir “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”
Heydər Əliyev
İnsan üçün azadlıqdan, dövlət üçünsə müstəqillikdən əziz, şirin heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mücadilələrlə dolu bir yol keçmiş, keşməkeşli bir həyat yaşamışdır. Azərbaycan təbii sərvətlərinə görə nə qədər zəngin olsa da, coğrafi mövqeyinə görə əlverişli ərazidə yerləşsə də, bu nemətlərə tam şəkildə sahib ola bilməmiş, illərlə müstəkəmləkəçilik zülmü altında yaşamağa məcbur olmuşdur.
Təbii sərvətləri talanmış, torpağında yadellilər at oynatmış, ikiyə bölünüb parçalanmış, ona mənliyini ifadə etməyə imkan verilməmişdir. Amma azadlıq elə bir sehrli məfhumdur ki, cazibəsinə düşən ona nail olmayınca rahatlana bilməz. “Bir gün azad yaşamaq yüz il əsarətdə qalmaqdan yaxşıdır”- deyimi hər bir azərbaycanlının beynində, şüurunda kök saldıqca istiqlala gedən məsafə də azalmışdır. Həqiqətən də, xalqın milli şüurunda yaranmış inqilabın və ölkəni hərtərəfli çulğamış milli –azadlıq hərəkatının qanunauyğun nəticəsi olaraq 1918- 1920-ci illərdə Azərbaycan bütün müsəlman Şərqində ilk parlamentli, demokratik respublika formasında dünyəvi dövlət qurmuşdur. Ümummilli liderimiz Heydər Əliyev çıxışlarında tez-tez deyirdi ki, biz nadir bir irsin varisləyirik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Məhsəti Hüseynova-Azərbaycan Qida Təhlükəsizliyi İctimai Birliyinin həmsədri