Newscenter.az.18.10.2021. Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 30 il keçir. Dövlət müstəqilliyi hər bir xalqın tarixində əldə edə bildiyi ən yüksək nailiyyət və sərvətdir.Ona görə də 18 oktyabr günü Azərbaycanın milli dövlətçiliyi tarixində müstəsna əhəmiyyəti olan xüsusi gündür.Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bəyan etdi. Azərbaycan Respublikası qısa bir müddətdə, qardaş Türkiyə birinci olmaqla, dünya birliyi ölkələri,eləcə də Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaqla beynəlxalq hüququn subyektinə çevrildi. Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətimizin bayrağı, himni və gerbi yeni müstəqil dövlət kimi Azərbaycan Respublikasının dövlət atributları kimi qəbul edildi.
Bu gün biz 30 illik müstəqillik tariximizdə ilk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü qalib xalq, qalib dövlət kimi qarşılayırıq. Müstəqilliyi əldə etmək nə qədər çətin olduğu kimi, onu qoruyub saxlamadı da bir o qədər çətindir, çox gərgin və davamlı əmək və mübarizə tələb edir. Ona görə də ilk növbədə bütün dövrlərdə müstəqillik davasında və onun bərpası və qorunub saxlanılması uğrunda müqəddəs mübarizədə canından keçənlərimizi sayğı ilə yad edir,onlara Allahdan rəhmət diləyirəm!
İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmizlə otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu. Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdirib, yeni reallıq yaradıb.Qarşıda həmin reallıqlardan xeyrimizə istifadə edərək islahatları dərinləşdirmək və genişləndirməklə, müstəqilliyimizi əhalinin bütün təbəqələrinin rifahı ilə tamamlamaq istiqamətində irəliləyərək Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərdə öz əksini tapan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək kimi çox mühüm vəzifələr durur.Həmin vəzifələri uğurla həyata keçirməkdən otrü,digər şərtlərlə yanaşı həm də 44 günlük Vətən Müharibəsində çox həlledici amil olan və nümunvi səviyyəyə yüskəlmiş milli həmrəyliyimizi bundan sonra da qoruyub saxlamalıyıq.
Azərbaycan xalqının uzun illər həsrətində olduğu,eyni zamanda həm də apardığı çox gərgin,ağır, həm də çox şərəfli mübarizəsi sayəsində əldə etdiyi çox böyük tarixi nailiyyəti,iradəsinin möhtəşəm nəticəsi və qürur mənbəyi olan Dövlət Müstəqilliyinin bərpa edilməsinin 30 illiyi münasibətilə ürəkdən təbrik edir,fikirdə, sözdə və əməldə ən böyük sərvətimiz olan müstəqilliyimizin əbədiliyinə, dönməzliyinə, sarsılmazlığına xidmət edən hər kəsə öz sayğılarımı,ən xoş və səmimi arzularımı bildirirəm!
Dəyərli dostlar! Sizi və bütün həmvətənlərimizi müstəqilliyimizin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm!
Dərin hörmətlə,
Milli Məclisin deputatı,İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli