Newscenter.az.19.10.2021. Azərbaycanda polyak memarların ərsəyə gətirdiyi abidələrdən, həmçinin ölkəmizdə yaşayıb-yaratmış məşhur polyaklardan bəhs edən broşür hazırlanıb.
Bu barədə Newscenter.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verib.
Azərbaycanda polyak izlərinin turizm potensialını vurğulamaq məqsədilə hazırlanmış bröşür ATB-in Polşanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.
Broşürdə neft bumu dövründə Bakının xüsusi görünüşünü formalaşdıran 4 görkəmli polyak memar - İosif Qoslavski, İosif Ploşko, Kazimir Skureviç və Yevgeni Skibinskinin Azərbaycandakı memarlıq fəaliyyətlərindən, həmçinin neftçıxarma üzrə mütəxəssis Pavel Pototskinin ölkənin neft sənayesinə verdiyi töhfələrdən bəhs olunur.
Nəşrdə 4 polyak memar tərəfindən ərsəyə gətirilən Bakı Şəhər İcra Hakimiyyəti binası, Əlyazmalar İnstitutu (Tağıyevin Qızlar Məktəbi), AMEA Rəyasət Heyətinin binası – İsmailiyyə, Səadət sarayı, Baş Prokurorluq binası, Mstislav Rostropoviçin Ev Muzeyi, Memarlar İttifaqının binası, Milli Tarix Muzeyi, Bakı Univermağı, Dövlət Kukla Teatrı, Bakı Dəmiryolu Vağzalının binası, Yeni Avropa hotelinin binası, Müqəddəs Məryəm Katolik Kilsəsi və digər memarlıq nümunələri detallı məlumatlarla təqdim olunur.
Bakının İstiqlaliyyət, İslam Səfərli, Murtuza Muxtarov, Nizami və Polşa memarları küçələrində polyak memarları tərəfindən inşa edilmiş binalar haqda geniş məlumat verilir.
Burada, həmçinin 20-ci əsrin əvvəllərində təkcə Bakıda deyil, Şamaxı, Gəncə, Qusar və Zaqatalada da polyak memarlıq üslublarında məscid, kilsə, eləcə də şəhər planlarının hazırlandığı diqqətə çatdırılır.
Sevinc