Newscenter.az.19.10.2021. Bu ilin sentyabrı ayında ardıcıl dünyada qida məhsullarının qiymətləri iki aylıq yüksəlmədən sonra 10 illik maksimuma çatıb.
"Report" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) sentyabr ayı üzrə açıqladığı Qlobal Ərzaq Qiymətləri İndeksində bildirilir.
Hesabata görə, ötən ay daha çox dənli bitkilər, şəkər və bitki yağlarından qazanc əldə edilib. Bu isə həmin indeks üzrə əti çıxmaqla müəyyən edilən ən əsas qida məhsullarıdır.
Qurum hesab edir ki, 2021-ci ildə qlobal dənli bitki istehsalı rekord həddə çatacaq, amma bu proqnozlaşdırılan istehlak həcmini üstələyəcək.
Qlobal Ərzaq Qiymətləri İndeksinə görə, ötən ay qida qiymətləri ortalama 130 bənd təşkil edib ki, bu da 2011-ci ilin sentyabrından ən yüksək göstəricidir. Avqustda isə bu göstərici 128,5 bənd təşkil edib.
FAO hesab edir ki, bu ilin sentyabrında qlobal əraq qiymətləri illik 33%, aylıq isə 3% yüksəlib.
Hesabat ayında bitki yağlarının qiymət indeksi avqusta nisbətdə 1,7% və ya 2,9 bənd artaraq 168,6 bənd təşkil edib. Bu rəqəm illik göstəricidə 60%-ə bərabər olub. Qeyd edilən dövr ərzində palma yağına olan güclü tələb və Malayziyadakı işsizliklə bağlı qərarsızlıq bu yağın qiymətinin artması ilə nəticələnib.
Dənli bitkilərin qiymət indeksi sentyabrda 2% və ya 2,6 bənd artmaqla 132,5 bəndə çatıb. Aktiv qlobal tələb fonunda ixrac təklifinin azalması ilə bağlı ən çox buğda bahalaşıb. Hətta arpanın belə qiyməti artıb.
Ötən ay şəkərin qiymət indeksləri 0,5% və ya 0,6 bənd artaraq 121,2 bəndə çatıb. Qiymətlərin bahalaşması şəkərin ən böyük ixracatçısı olan Braziliyadakı şaxta və quraqlıqla bağlıdır.
Xarici qida ekspertləri hesab edir ki, 2011-ci ildə ərzaq məhsullarının qiymətlərinin artmasına əsas səbəbkarı Liviya və Misirdə hökumətlərin devrilməsi ilə nəticələnən hadisələr olub.
Onların fikrincə bu il beynəlxalq bazarlardan qida əldə etmək əvvəlki illərə nisbətən daha çətindir. Bu isə 1974-1975-ci illər istisna olmaqla 1961-ci ildən bəri ən yüksək göstəricidir.
1973-cü ildə dünyada yanacaq qiymətlərinin yüksəlməsi qida məhsulları da daxil olmaqla qlobal inflyasiyanın artmasına səbəb olub. Nəticəsi isə 1974-1975-ci illərdə özünü büruzə verib.
FAO-nun baş iqtisadçısı Abdulrza Abbasian (Abdolreza Abbassian) qeyd edib ki, aparılan araşdırmalara görə gələcəkdə dənli bitkilər arasında ən çox buğaya ehtiyac olacaq.
Ekspertlər qlobal ərzaq qiymətlərində olan artımın səbəblərini müxtəlif məsələlərlə əlaqələndirirlər. Bunlar əsasən yanacaq qiymətlərinin yüksəlməsi, pis ekoloji şərait və COVID-19 pandemiyasıdır. Qlobal təsirlərlə yanaşı hər bir qida məhsuluna regiona uyğun da təsirlərin də olması qaçılmazdır.
2020-ci ilin aprelindən etibarən neft qiymətlərinin artması ilə qida məhsullarının daşınma xərcləri artıb və bu da FAO-nun ideksi üzrə qida qiymətlərinin artmasına səbəb olub. Həmçinin COVID-19 pandemiyası səbəbindən işsizliyin artması da qiymət artımına təsir edən amillərdəndir.
Qlobal ərzaq qiymətlərinin bahalaşmasının Azərbaycana təsiri də az olmayıb. Dövlət Statistika Komitəsinin (DSK) yanvar-sentyabr aylarında statistika göstəriciləri açıqlamayıb. Amma bu ilin yanvar-avqust ayları üzrə açıqlanan göstəricilərə görə, ilin 8 ayı ərzində ölkədə xam şəkər və şəkər idxalı 0,4%, bitki yağlarının idxalı 7,7%, kərə yağı, digər süd yağları və pastalarının idxalı 12,1% azalıb.
Bundan əlavə Azərbaycanın ixracının strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, şəkər, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.
Yanvar-avqust qənd və şəkər tozunu istehsalı 55,2% artaraq 222,9 min tona çatıb. Şəkər tozundan fərqli olaraq yağ istehsalında azalma müşahidə edilib. Belə ki, qeyd edilən dövr ərzində duru bitki yağı istehsalı 1,7% azalaraq 33 494,3 tona, marqarin istehsalı 6,1% azalaraq 30 465,8 tona və kərə yağı istehsalı isə 4,9% geriləyərək 16 898,9 tona düşüb.
Avqustda iyula nisbətən şəkər tozunun qiymətində bahalaşma müşahidə edilib. Bu dövrdə kərə və bitki yağlarının qiymətində 0,2%-lik bahalaşma qeydə alınıb.
Dünya bazarında olan bahalaşma və onun Azərbaycana təsirini “Report”a şərh edən İqtisadçı-ekspert Xalid Kərimli qeyd edir ki, dövlət bu bahalaşmanın qarşısını almaq üçün müəyyən addımlar atır:
“Təxminən 1,5 ildir ki, dünya ərzaq qiymətlərində artım davam edir. FAO-nun bir neçə gün əvvəl açıqladığı hesabata baxanda görürük ki, ərzaq qiymətlərinin indeksi ötən illə müqayisədə 33%-ə qədər artıb. Bu indeksin müxtəlif komponentləri var və demək olar ki, hamısı üzrə aylıq artım davam edir. İllik nisbətdə dənli bitkilər 41%, yağ məhsulları 60%, şəkər məhsulları 54%, ət məhsulları 26%-dən çox artıb. Həmçinin süd və yağ məhsullarında da artım qeydə alınıb.
Bütün bunların ortaq səbəbi odur ki, pandemiya dövründə tələbat artıb, istehsal yaxud yığım azalıb. Həmçinin dünya banklarının apardığı ucuz pul siyasəti də bu prosesə təsir edən əsas amillərdəndir.
Təbii ki, bu qiymət artımı Azərbaycana da təsirsiz ötüşməyib. Bildiyiniz kimi bir çox ərzaq məhsulları ölkəmizdə istehsal olunur. Amma biz dünya bazarından da ciddi surətdə asılıyıq. Statistik məlumatlardan da görmək olar ki, həm dənli bitkilərin, həm yağ, həm də şəkəri və onun məhsullarını xarici bazardan idxal edirik. Ötən ilin sentyabr ayı ilə müqayisədə ölkəmizdə ərzaq məhsullarının qiyməti 7,8% artıb. Azərbaycanın daxili bazarında ərzaq qiymətlərinin tənzimlənməsi ilə bağlı müəyyən tədbirlərin həyata keçirildiyini gördük. Xüsusən də un bahalaşanda bunu hiss elədik. Bahalaşma başlayanda hökumət dərhal buğda idxalçılarını ƏDV-dən azad etdi.
Biz un istehsalında hökumətin bazarda bahalaşmanın qarşısını almaq üçün tənzimləyici siyasət həyata keçirdiyini görürük. Digər məhsullar üzrə də bu tip addımların atılmasını istərdik. Əks təqdirdə qiymət artımı qiymətlərdə öz əksini tapacaq. Çünki onların mənfəət marjası o qədər də böyük deyil ki, bu artımları mənfəət marjasının kompensasiyası hesabına həyata keçirsin”.
Xarici ekspertlər dünya bazarında ərzaq məhsullarının bahalaşmasının digər səbəbinin son aylar yaşanan loqistika problemi ilə də əlaqələndirirlər. Belə ki, müxtəlif tip yüklərin daşınmasını həyata keçirən loqistika şirkətlərinə və onların xidmətlərinə olan tələbatın artması bu xidməti həyata keçirən özəl şirkətlərin də qiymətlərə yenidən baxmasına səbəb olub.
Bu yaxınlarda açıqlanan “Food Logistics Market Report” hesabatına görə, 2021-2024-cü illərdə qida məhsullarının loqiastikası üzrə bazar təxminən ortalama illik 8% civarında genişlənəcək. Bu isə təbii ki, qiymətlərə də təsirsiz ötüşməyəcək.
Böyük Britaniya hökumətinin dəstəyi ilə aparılan araşdırmalar və açıqlanan hesabata görə, qlobal iqlim dəyişikliyi daha çox taxıla, paxlalı və yumru kökləri olan bitkilərə təsir edir. Çünki getdikcə artan CO2 (karbon dioksid) sink və dəmirin miqdarının azalmasına səbəb olur.
Alimlər hesab edir ki, getdikcə artan qida qiymətləri dünyada aclıqdan əziyyət çəkən insanların sayının artmasına da səbəb olacaq. Hazırda 795 milyon insan aclıqdan əziyyət çəkir və yaxud 2 milyarddan çox insan həyati vacib mikroelementləri tam qəbul edə bilmir.
Hesablamalara görə, az qidalanma hər il qlobal ÜDM-ə 11%-lik təsir göstərir ki, bu da qlobal maliyyə böhranı zamanı yaranan ilk iqtisadi tənəzzülün təsirindən daha çoxdur.
Proqnozlar göstərir ki, sürətlə genişlənən urbanizasiya 2050-ci ildə dünya əhalisinin təxminən 70%-nin şəhərlərdə məskunlaşmasına səbəb olacaq. Həmçinin qarşıdakı 35 ildə insanlıq tarixində istehsal edilən qida məhsullarından daha çoxunu istehsal etməliyik. Nəzərə almaq lazımdır ki, dünya okeanının səviyyəsi getdikcə artır, istixana qazları və bir çox səbəblər qlobal iqlim dəyişikliyinə səbəb olur. Bu isə kənd təsərrüfatına yararlı yeni torpaq sahələrinin həcminin azalması deməkdir. Bu səbəbdən də mövcud torpaqlardan daha intensiv istifadə edilməlidir.