Newscenter.az.19.10.2021. Avropanın 72 siyasi xadimi Mixail Saakaşvili üçün bəyanat imzaladı. İmza müəllifləri içərisində Avropa Parlamentinin deputatları, litvalı millət vəkilləri, Latviya və Ukrayna eks-prezidentləri, İsveçin keçmiş baş naziri və gürcü siyasətçilər var.
Siyasətçilər bəyanatda Gürcüstandakı böhranın bitməsi üçün Saakaşvilinin azad olunması gərəkdiyini bildiriblər. Görünür, Qərb dairələri Gürcüstanda hökm sürən ikihakimiyyətlilikdən narahatdı, rusmeyilli qüvvələri idarəetmə sistemindən tamamilə uzaqlaşdırmağa çalışır. Saakaşvilinin ölkəsinə dönüşü də təsadüfi vaxtda deyildi, Bələdiyyə seçkilərində "Gürcü arzusu" partiyasının seçkilərdə qazanacağı səslərin aşağı düşməsinə hədəflənmişdi ki, bu da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Gürcüstanda səfəri zamanı hakimiyyət və müxalifət arasında imzalanmış "Mişel planı"na uyğun həyata keçirilirdi. Belə ki, ötən il keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” qazansa da, müxalifət nəticəni tanımadı və küçə etirazlarına başladı. Qarşıdurma genişlənəndə Avropa İttifaqı rəsmisi Mişel dövriyyəyə girdi və problemin həlli üçün təklif irəli sürdü.
“Gürcü arzusu” növbəti bələdiyyə seçkilərində (02.10.2021) 42 faiz səs toplamasaydı, növbədənkənar parlament seçkilərini keçirmək öhdəliyini götürürdü. Bu mənzərə fonunda demək olar ki, Mişanın həbs ediləcəyini bildiyi halda geri qayıtması hakimiyyəti çətin vəziyyətə salmağa hesablanıb. Lakin bələdiyyə seçkilərində yenidən seçilməklə "Gürcü arzusu" partiyası Rusiyanın Gürcüstanda hələ də dayaqlarının olduğunu göstərdi. Ancaq hər halda Saakaşvili həbsdən çıxaracaq gücə arxayın olmasaydı, dəmir barmaqlılar arxasına öz istəyiylə gəlməzdi. Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austinin "3+3" formatına istinad edərək, "Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin” deməsi, Saakaşvilinin Gürcüstana əbəs yerə göndərilmədiyini təsdiqləyir və bəlli olur ki, Qərb rəsmi Tiflisin gizli də olsa rusmeyilli siyasətindən narahatdır.
Züriyə Qarayeva-politoloq