Newscenter.az.19.10.2021. İranın Azərbaycana qarşı son aylardakı ritorikası hər kəsə aydındır, rəsmi Tehran aşıq-aşkar ölkəmizə qarşı heç bir əndazəyə sığmayan hərəkətlər edir, ikiüzlü siyasət yürüdərək sözdə özünü Azərbaycanla dost olduğunu deyir, əməli ilə qonşu kimi deyil, düşmən kimi davranır.
Prezident İlham Əliyev həmişə deyir ki, bizim bütün qonşulara xoş və dost münasibətimiz var, İrana qarşı münasibəti də hər zaman yaxın dostluq və qonşuluq prinsiplərinə əsaslanıb, qonşusuna zərər dəyməsin deyə sinəsini qabağa verib. 2005-ci ildə Yaxın Şərqdə “rəngli inqilab”lar zamanı Azərbaycan Prezidenti İlham Əliyev Qərbin İrana qarşı təzyiq və hücum planında Azərbaycanın yer almasına qəti şəkildə narazılıq edərək öz siyasi iradəsini ortaya qoydu. Əvəzində nə gördük və görürük?
İran Azərbaycanın öz ərazisindən işğal vaxtı özünə qarşı istifadə etdi, Ermənistana silah verdi, yanacaq və ərzaq payladı, Azərbaycan Ordusunun üzərinə göndərdi. 30 il Azərbaycan torpaqlarını İran şirkətləri altını-üstünə çeviriblər, Qarabağda şumladılar, Cəbrayıl, Füzuli, Zəbgilan, Qubadlı, Ağdamda minlərlə evin darvazası, pəncərəsi, qapısı, evlərin damı İran tərəfindən sökülüb aparılıb.
İranın Qarabağ üzərindən həyata keçirdiyi pulyuma əməliyyatlarından milyonlarla dollar qazanıb. İranın 25-dən artıq bankının, 400-dən çox şirkətinin Xankəndi üzərindən çirkli pulların yuyulması əməliyyatları həyata keçirib. İndi əməllərinin qarşısı alınıb. Bütün bunlar onlara ağır təsir edir.
İran İslam ölkəsi olmasını bayraq edir, ancaq müsəlmanların əziz dininin müqəddəs ənənələrinə xliaf çıxır. İslam barış və sülh dinidir, bəşəriyyət sülh və dostluğu, qardaşlığı İslamdan əxz edir, İranın din xadimləri, ayətullahları isə müsəlmanlığın ruhuna zidd olan müharibə və terrora çağırışlar ideologiyası yayırlar, müxtəlif radikal dini qruplaşmaları qızışdıraraq regionda kin və nifrət toxumu səpirlər. Sülh istəyən erməni xalqının arzu və iradəsinin əksinə gedərək bu zavallı xalqı da rahat yaşamağa qoymur. Ermənistan öz hava yollarını Azərbaycanın üzünə açır, İran isə qapadır.
İran ermənidən daha çox ermənilik edir, özünü Ermənistanın sahibi sayır, erməni faşizmini bəsləyir.
Azərbaycan bütün qonşuları əl-ələ verərək bölgədə yeni dostluq körpüsü qurmağa çalışır, dünyanın ən nəhəng ölkələrindən biri olan və keçmiş SSRİ-nin varisi Rusiya Azərbaycanı ən yaxın dostu hesab edərək daha yaxın əlaqələr qurur, xoşniyyətli davranır, bölgədə yaşayan xalqları barışdırmağa çalışır, Tehran isə özünü Rusiyadan böyük hesab edir, sanki SSRİ-nin varisi kimi Cənubi Qafqaz ölkələrini müstəmləkəsi sayır, öz məntiqsiz şərtlərini qəbul etdirməyə çalışır. Xəzər dənizinin bölünməsinə dair yekun sazişin imzalanmasına mane olduğu kimi indi də yol və kommunikasiyaların açılmasına əngəl törədir, bölgənin sabitliyini, xoşbəxt gələcəyini gözü götürməyəcək qədər pis və qaraniyyətli simasını göstərir.
İranın İrəvandakı səfiri özünü Ermənistanın müdafiə və xarici işlər naziri kimi aparır, Azərbaycanla sərhədə gəlir və demarkasiya işlərinə qarışır. Hansı ölkənin səfiri təmsil olunduğu dövlətin münaqişə şəraitində olduğu digər ölkənin səngərində binoklla baxaraq “sərhəd xətti çəkir”, təhdidedici hərəkətlər edir.
İran başqa ölkələrin dövlətin müstəqilliyinə hörmət etmək istəmir. Azərbaycan torpaqlarını sanki özünün çirkin planları üçün poliqon hesab edir. Ancaq anlamır ki, başqasına hörmət etməyənə ən layiqli cavab verilir və veriləcək də. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi biz canımızdan keçərik, müstəqilliyimizdən yox.
Azərbaycan Prezident MDB Hökumət Başçılarının samitində qeyd etdi ki, Ermənistan məhz İranla əlbir olub işğal altında olan ərazilərdə narkotika satışı həyata keçirib, terrorçu dəstələrin yetişməsində rol oynayıb.
Bildirdi ki, Qarabağ uzun illər narkotrafik marşrutu olmaqla İran üçün münbit qazanc yerinə çevrilmişdi. “Bu, o deməkdir ki, təqrbən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”. Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin 2016-cı ildə beynəlxalq narkotika tranzitləri ilə bağlı hesabatında Azərbaycanın işğal altındakı ərazilərinin də adı yer almışdı və bu, bir daha İranın beynlxalq narkomafiya şəbəkəsinin ən fəal üzvü olmasını təsdiqləyir.
Azərbaycan İranla sərhədin 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa etdikdən sonra Tehranın Avropaya narkotrafik marşrutu qapısını da bağlayıb.
Prezident İlham Əliyevin “işğal olunmuş ərazilərdə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir” mesajı da İranın Yaxın Şərqdəki terror qruplarını Qarabağa gətirərək ermənilərə təlim keçməsinə, silah verməsinə və Azərbaycan əsgərinə qarşı vuruşmasına işarədir. Azərbaycan Prezidentinin bu mesajları həm də İranın mahiyyətini və xislətini ifşa etməkdir.
Cənab Prezident Cəbrayılda çox açıq bir bəyanat verdi, “Biz canımızdan keçərik, ərazi bütövlüyümüzdən, müstəqilliyimizdən yox”. Ona görə də heç kim Azərbaycanın ərazı və torpaq bütövlüyünə qarşı çirkin oyunlar oynaya bilməz.
Ali Baş Komandan bir mesaj da verdi, bizə regionda “Dördlük platforma”sı kifayət edir, yəni Rusiya, Azərbaycan, Türkiyə və Ermənistandan ibarət əməkdaşlıq formatı daha məqbuldur. İranın regional paltformada təmsil olunması bizə heç lazım da deyil.
Və İranın 13-cü hökuməti, Prezident İbrahim Rəisi Azərbaycanın dövlət başçısının bu bəyanatlarından nəticə çıxarmalıdır. İranda 13 nəhs rəqəm hesab edilir, düşər-düşməzi ola bilər. Tehran simvolik də olsa bu rəqəmin siyasi anlamını da düşünməlidir.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor