Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubad İbadoğlu müxalifətə birlik çağırışı etdi



Newscenter.az.20.10.2021. Ağır zəmanəyə gəldik, qiymətlər bahalaşsa da əmək haqları, pensiyalar, müavinət və təqaüdlər artmır, nəticədə yaşam şərtləri ağırlaşır, əhali sürətlə yoxsullaşır, işsizlik kütləviləşir, mənəviyyatsızlıq, yaltaqlıq, məddahlıq baş alıb gedir, yalan, saxtakarlıq ayaq tutub yeriyir, Azərbaycanı ruslar yuxarından və farslar da aşağıdan sıxır, milli təhlükəsizlik və suverenlik üçün təhdidlər çoxalır, müstəqilliyə təhlükələr artır.

Hakimiyyət bütün bunları görür, özünü görməməzliyə vurur, cəmiyyət uzun və dərin yuxuda olan kimi sanki müxalifətin tənqidlərini eşitmir, bəziləri qismən anlaqlı vəziyyətdə, tam ayılmamış, yuxu ilə gerçəklik arasında var-gəl edərək özünü nə baş verdiyini tam qavramayan vəziyyətdə saxlamağa çalışır, bəziləri də belə gəlib belə də gedəcək deyərək, əllərini yelləyir, boş ver deyir.

Bu durumda dövrümüzün aktuallığına görə Hamletin məşhur “olum, ya ölüm” dilemmasından geri qalmayan sualı belədir: Nə etməli? Bu sualın qısa cavabı birləşməkdir?

Necə və hansı formatda birləşmək üçün təcrübələrdən yararlanmaq mümkündürmü? Əlbəttə, sadəcə niyyət və istək olmalıdır.

Sualın geniş cavabı üçün yaxın dövrün iki təcrübəsini diqqətinizə təqdim edirəm və rəylərinizi gözləyirəm.

1. Bu günlərdə Macarıstanda 6 müxalifət partiyası birləşərək 2010-cu ildən hakimiyyətdə olan Macarıstanın baş naziri Viktor Orbanla vidalaşmaq üçün geniş və güclü Koalisiya qurdular. Məqsəd sol, sağ, mərkəzçi, liberal, mühafizəkar, sosial demokrat olmasından asılı olmayaraq 2022-ci ildə olan parlament seçkilərində birlikdə iştirak etməkdir. 6 müxalifət partiyasından hər birindən olan namizədlər arasında ilkin seçki keçirilib. İlkin seçkinin ikinci turunda mühafizəkar bələdiyyə başçısı Peter Marki-Zayla sosial demokrat Klara Dobrev yarışıb. Nəticə dünən açıqlandı və bəlli oldu ki, birinci 56,7 faiz səs alıb, parlament seçkilərinə qədər Koalisiyaya rəhbərlik edəcək. Beləliklə də altı partiyalı müxalifət koalisiyası parlament seçkilərində birgə iştirak edərək Viktor Orbana qarşı mübarizə aparacqlar. Koalisiyanın rəhbəri Peter Marki-Zay deyir ki, bizim üçün sağ, sol yoxdur, yuxarı vardır.

2. Türkiyədə CHP və İyi Partisi birlikdə "Miilet İttifaqı" qururlar və onun genişləndirilməsi üçün DEVA və Gelecek Partisi ilə danışıqlar aparır. Önümüzdəki aylarda Kılıcdaroğlu Babacana, Akşener Davutoğluna Millət İttifaqına qoşulmaq üçün təklifləri çatdıracaq.

Yaxşı nümunələrdir, elə deyilmi? Bəs, biz nəyi gözləyirik?

ADR Partiyası olaraq gerçək müxalif mövqedə olan siyasi partiyalara ilk mesajım öz müstəqilliklərini saxlamaqla birlik yaratmaqdır, cəmiyyətdən istəyim isə müxalif birliyin yaradılmasına dəstək almaqdır .

ADR Partiyası olaraq birləşmək üçün yuxarıda qeyd etdiyim hər iki formatda konsolidasiyaya hazır olduğumuzu bəyan edirik.

Siz belə ağır durumda başqa alternativ varmı? Varsa, buyurun yazın.

Əgər yoxdursa, onda bu istiqamətdə rəylərinizi bildirin.

Qubad İbadoğlu, ADR Partiyasının sədri
Xəbəri paylaş