Newscenter.az.20.10.2021. Oktyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlament Sədrlərinin Konfransında iştirak etmək üçün Yunanıstana işgüzar səfərə gedib.
Bu barədə Newscenter.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Afina Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini ölkəmizin Yunanıstandakı səfiri Anar Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Sabah Milli Məclisin sədri Sahibə Qafarovanın Parlament Sədrlərinin Avropa Konfransında çıxışı gözlənilir. Parlament sədrinin tədbirdə iştirak edəcək spikerlərlə bir sıra görüşləri də nəzərdə tutulub.
Xatırladırıq ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.