Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir sevgidən doğan rəqs

Bir sevgidən doğan rəqs


Newscenter.az.24.10.2021. Artıq 44 günlük müharibə xalqımızın qələbəsi ilə başa çatmışdı. Vətənimizin hər bölgəsində el – oba qələbənin – "Zəfər günü"nün sevincini yaşayırdı. Şəhlanın intizar baxışları isə yollardan yığılmırdı. Onun Şahinindən heç bir xəbər yox idi. Nə ölüsü, nə də dirisi barədə bir məlumat öyrənə bilmirdi. Döymədiyi qapı, çıxmadığı proqram qalmamışdı. Elə bil ki, onun qəhrəmanı yağlı əppək olub göyə çəkilmişdi. İndi isə rəfiqəsinin toyu idi. Qızın dediyinə görə onun nişanlısı Vətən Müharibəsi Qəhrəmanı idi.

Toy şənliyi başlamışdı. Bir azdan bəylə gəlini məclisə dəvət edəcəkdilər. Nədənsə qızın ürəyi şiddətlə döyünməyə başladı. “Qadınlar həssas olur” -deyirlər. Bu nədir, onun ürəyi niyə belə narahatdır? Az qalır köksündən qopub yerə düşə. Özü də bunu anlamırdı. Əlini sinəsinə qoyub ürəyini tutdu.
Vağzalı sədaları altında cütlük zala daxil olurdu. Hamının diqqəti qapıya yönəlmişdi. Bəyin dostları da onunla birgə idilər. Zaldakılar xalqın bu igid oğullarını alqışlarla qarşılayırdı. Bəy və onun dostları döyüşdükləri əsgər paltarında idilər. Birdən Şəhlanın gözü əlil arabasında oturan bir qaziyə sataşdı. Bu odurmu? Özü də hiss etmədən qabağa sıçradı. Odur, ürəyi onu aldatmayıb, bu onun qəhrəmanıdır. Arabanın üstünə elə qaçdı ki, hamı bəylə gəlini qoyub bu gənc qızın hərəkətlərinə baxırdı. Arabanın qarşısında diz çökdü. Əllərini qaldırıb Tanrıya dua edirdi. Şahininin əllərindən, ayaqlarından öpürdü... İnsanlar bu görünüşə dözə bilmirdilər. Hər kəsin gözündə bir sevinc yaşları vardı: “Şükür sənə, İlahi, bir qadının da gözü yollardan yığıldı”.

Kənardan bütün bunları seyr edən musiqiçilər Leonardo Köenin “Mənimlə sevginin sonunadək rəqs et” melodiyasını səsləndirdilər. Şəhla arabanı ortaya çəkib rəqs edirdi... Daha dünya onun gözündə mavi idi. Məclisdəkilər ayağa qalxıb, onları dövrəyə aldılar. Bəlkə də heç kəs belə rəqs görməmişdi. Bu toy yəqin ki, burada iştirak edənlərin yaddaşında beləcə əbədi iz buraxacaqdı.

Şəcahan Gün
Xəbəri paylaş