Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz həmin günü düz 27 il gözlədik

Biz həmin günü düz 27 il gözlədik


Newscenter.az.25.10.2021. Bu gün doğma yurdum Qubadlının işğaldan azad olunmasından 1 il ötür. Oktyabrın 25-i artıq bütün qubadlılar üçün müqəddəs tarixə çevrilib. İndi hamımız Qubadlının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümünü qeyd edirik. Bu həqiqətən də hər birimizə əsl möcüzə kimi görünür. Çünki əvvəlki illərdə biz istəməsək də belə ölkəmizin bu qədim guşəsinin yalnız işğal ildönümlərini qeyd etməli olurduq. Torpaq itkisi, erməni namərdliyi, yurd həsrəti hamımızı yaxıb-yandırırdı. Bu illər ərzində bir çox doğmalarımız yurd həsrəti ilə bu dünyadan köçdülər və Qubadlıdan çox-çox uzaqlarda, Azərbaycanın müxtəlif şəhər və kəndlərinin qəbristanlıqlarında dəfn olundular. Bəzi insanlarımızda isə artıq nə vaxtsa Qubadlıya qayıdacağımızla bağlı sonuncu ümidlər də ölməkdə idi. Ancaq ümidini itirməyən, Şanlı Azərbaycan Ordusunun günün birində böyük rəşadət tarixinə imza atacağına ümid bəsləyən, Ali Baş Komandanımıza inanan insanlarımız isə qat-qat çox idi.

Biz həmin günü düz 27 il gözlədik. Bu 27 il ərzində Azərbaycan Dövləti qüdrətləndi, Azərbaycan Ordusu daha da gücləndi və nəinki bölgənin, hətta dünyanın ən döyüşkən, peşəkar ordularından birinə çevrildi. Bu Ordu nəhayət 27 ilin tamamında öz başlıca Missiyasını – Vətənimizin ərazi bütövlüyünü bərpa etməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə başladı. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində əvvəlcə Suqovuşan, Hadrut, Cəbrayıl, Füzuli mənfur düşmənin tapdağından azad edildi. Daha sonra isə növbə Qubadlımıza çatdı. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək, Vətən müharibəsinin 27-ci günü, oktyabrın 23-də Qubadlı ərazisinə daxil oldu, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başladı. Həmin gün Qubadlı rayonunun ilk yaşayış məntəqələri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edildi. İki gün sonra isə düşmən Qubadlı şəhərindən qovuldu. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğalına son qoyuldu. Beləliklə, Vətən müharibəsinin 29-cu günü qəhrəman Ordumuz Qubadlı şəhərini və rayonun daha bir neçə kəndini işğaldan qurtardı.

Biz həmin günlərdə Prezident İlham Əliyevin həm televiziya ilə çıxışlarını, həm də “tvit”lərini böyük bir həyəcan hissi ilə izləyirdik. Prezident hər dəfə rayonlarımız işğaldan azad ediləndə xalqa müraciət edirdi. Bu dəfə də elə oldu. Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də ilk dəfə Tvitter hesabından elan etdi. Sonra isə onun televiziya ilə xalqa müraciətini dinlədik. Oktyabrın 25-də ölkədə hər kəs televizorun önündə əyləşib Ali Baş Komandanın xalqa növbəti müraciətini səbirsizliklə gözləyirdi. Və budur - növbəti qələbə müjdəsi! Prezident “Qubadlı, sən azadsan!”, “Qubadlı bizimdir!”, “Qarabağ Azərbaycandır!” sözlərini qalib Komandan əzmi ilə, böyük bir qürur hissi ilə efirdən səsləndirir. Və bütün azərbaycanlılar bu sevinci, bu zəfər xəbərini bir-birilə bölüşməyə başlayır. Biz köçkünlərin sevinc hissini isə heç nə ilə izah və təsvir etmək mümkün deyildi. Doğma torpağın işğaldan azad edilməsinin insana yaşatdığı hisslər bizim ruhən dirçəlişimizin təzahürü idi. Bu, həqiqətən də çox qeyri-adi bir hiss idi.

Biz bu xəbəri düz 27 il ümidlə gözləmişdik. 44 günlük müharibə ümidlərimizi gerçəyə çevirdi. Qubadlı mənfur erməni tapdağından xilas edildi. Biz də “məcburi köçkün” adının ağır yükündən qurtulduq. Biz Qubadlını 27-28 ildir görməsək də, amma ruhən həmişə ordaydıq. Biz bu illər ərzində yurdumuzu, ocağımızı içimizdə, ruhumuzda yaşatdıq. Qəhrəman Azərbaycan Ordusu isə öz qələbələri ilə ruhumuza su səpdi, 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək bizə böyük, təkrarsız sevinc və qürur hissləri yaşatdı. Biz hamımız Azərbaycan əsgər və zabitlərinin Qələbə ruhuna, döyüş gücünə şahidlik etdik. Ordumuz gerçəkdən də yeni bir tarixi səhifə açdı. Mən bu tarixə şahidlik etməyimlə qürur duyuram!

Bizim könüllü özünümüdafiə batalyonları olaraq Birinci Qarabağ müharibəsi zamanı başa çatdıra bilmədiyimiz müqəddəs işi peşəkar Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsinin gedişində gerçəkləşdirməyi bacardı. Dədə-baba yurdlarımızın işğaldan azad olunmasını özünün övladlıq, vətəndaşlıq və hərbi borcu hesab edən igid əsgər və zabitlərimiz öz şücaətləri ilə biz qazilərin də başını uca etdilər və bizə inanılmaz qürur hissi yaşatdılar. Mən 90-cı illərin əvvəllərində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak edən, o cümlədən doğma Xanlıq kəndi uğrunda sonuna qədər savaşan bir qazi kimi 44 günlük müharibədə hərbçilərimizin göstərdikləri şücaət haqqında bu gün hər yerdə fəxr hissi ilə danışıram. Əsgərlərimizin şücaətini, qəhrəmanlığını qeyd etmək hər birimizin mənəvi borcumuzdur. Məhz onların sayəsində doğma torpaqlarımızın işğaldan azad olunması hamımızın ruh halını dəyişib. Qəddimizi dikəltmişik, işğalın yaşatdığı xəcalət və natamamlıq hissindən xilas olmuşuq. Bu Qələbə həqiqətən də hər birimizə böyük motivasiya verdi. Allah bu günləri bizlərə bəxş edən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür versin. Mən torpaqlarımız uğrunda, Qubadlı uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Milli Qəhrəmanlarımız Əliyar Əliyevin, Şükür Həmidovun ruhları qarşısında baş əyirəm. Biz sizin rəşadətinizi, fədailiyinizi heç zaman unutmayacağıq!

Artıq Qubadlının işğaldan azad olunmasından 1 il ötür. Düşmən tapdağından xilas edilən şəhər, rayon və kəndlərimizin hər birində olduğu kimi Qubadlıda da üçrəngli Azərbaycan bayrağı dalğalanır. Və bu gün Prezident İlham Əliyev növbəti dəfə azad Qubadlıya səfər edib. Dövlətimizin başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb. Prezident rayon ictimaiyyəti ilə görüşdə işğal dövründə erməni vandalları tərəfindən viran edilən Qubadlının yenidən qurulacağını, işğalın ağır nəticələrinin tamamilə aradan qaldırılacağını bildirdi. Dövlətimiz bunun üçün bütün gücünü səfərbər edib. İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışa şahidlik edəcəyimiz günə elə də çox qalmayıb. Mən buna əminəm. Bu gün Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işləri sürətlə aparılır. Başqa rayonlarımız kimi, Qubadlıdakı dağıntılar da tezliklə tarixə qovuşacaq. İnşAllah tezliklə Qubadlıda görüşərik!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş