Newscenter.az.26.10.2021. Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Əsrlərdir ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri davam edir və daim möhkəmlənməkdədir. Məhz Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dediyi kimi, bu gün hər iki ölkə bir-birini kədərini kədəri, sevincini sevinci bilir.
Bu gün Türkiyə–Azərbaycan dostluğu dünyaya nümunədir. Azərbaycan Prezidenti İlham Əliyevin “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk” fikirləri bir daha təsdiqləyir ki, “bir millət, iki dövlət” vəhdətini heç bir kənar qüvvə poza bilməz.
Bu gün tariximizi şanlı səhifələrində yaşananlar qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik” sözləri deyilənlərin göstəricisidir.
Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyub Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəsdək təmənnasız qardaşlığın parlaq nümunəsidir. Bu qardaşlıq birliyin nümunəsi – ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsinin Zəfər Paradında Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir yerdə olması, iyunun 15-də Şuşada ölkə başcılarının imzaladığı "Şuşa bəyannaməsi" və bugün Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazidə tikilən Füzuli Beynəlxalq Hava Limanının açılışında Rəcəb Tayyib Erdoğanin gəlisi bir daha bu qardaşlıq birliyinin təcəssümüdür. Nə gözəl mənzərələrə şahidlik edirik...
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılayır.
Dövlət başçıları açılışın rəmzi olan lenti kəsir.
Daha sonra AZAL-ın prezidenti Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının simvolik açarlarını İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana təqdim edir...
Həmcinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olurlar.
Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) və “Dost Aqropark”ın təməlini qoyurlar.
Həmçinin, görüşdə diqqətə çatdırılır ki, işğaldan azad edilən ərazilərdə aparılan əsaslı bərpa və yenidənqurma işləri, əhalinin doğma yurduna vahid strategiya əsasında qaytarılması istiqamətində görülən işlərin nümunəsidir. Görülən işlərdə Azərbaycan-Türkiyə arasında sürətlə inkişaf edən doğma münasibət isə dünyaya əsl qardaşlığın nümunəsi bəyan edir və real həyatda təsdiqləyir.
Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir. Bu gün yaşanan bu qürurverici səhnələri izləməyi, Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından Türkiyənin dəstəyini hiss etməklə yaşayacağımızdan əmin idik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə açıq şəkildə, birmənalı və bir az da sərt açıqlamaları ilə öz dəstəyini verərək ifadə etdi: "Azərbaycan tək deyil. Biz qardaş Azərbaycanı qətiyyən yalnız buraxmayacağıq. Sonuna qədər dəstəyimizi verəcəyik".
Bununla da bütün dünya ölkələri şahid oldu ki, Türkiyə ilə Azərbaycanı təkcə ortaq dil, ortaq din, ortaq mədəniyyət, ortaq ədəbiyyat, ortaq mentalitet deyil, həm də bunları əhatələyən və yaşadan ortaq ruh birləşdirir. Azərbaycan da, Azərbaycanı sevənlər də bu bəyanatı ruhun bəyanatı bildi...
Bir sözlə, Türkiyə-Azərbaycan qardaşlığını ifadə edən kəlamlar əsl qardaşlıq birliyinin təcəssümüdür:
“Bir millət, iki dövlət” – Ümummilli Lider Heydər Əliyev.
“Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimiz” – Mustafa Kamal Atatürk.
“Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” – Prezident İlham Əliyev.
“Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” – Prezident Rəcəb Tayyib Ərdoğan.
Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. İki qardaş ölkənin birliyini heç bir qüvvə poza bilməz.
Azərbaycanın prioriteti Qarabağa qayıdışdır...
Aygul BAĞIROVA,
YAP fəali AJB-nin üzvü
“Yenilik-press” qazetinin redaktoru
“Qızıl qələm” ali media mükafatı laureatı.