Newscenter.az.26.10.2021. Dünyada nüvə dövlətlərinin sayı artdıqca təhlükə də artır. Beynəlxalq aləm İran və Şimali Koreya kimi dövlətlərinin nüvə silahına malik olmalarını bölgə və dünya üçün böyük təhlükə kimi qiymətləndirir.
Şimali Koreya ABŞ-ın və qonşuları Cənubi Koreya ilə Yaponiyanın, İran isə İsrailin baş ağrısına çevrilib. Çünki Şimali Koreya nüvə silahını Amerikanın müttəfiqləri – Cənubi Koreya və Yaponiyaya qarşı işlədə bilər. Bu halda ABŞ Şimali Koreyaya zərbə endirmək məcburiyyətində qalacaq. İran nüvə silahına malik olarsa isə hədəfdə İsrail olacaq. Ona görə də İsrail bütün vasitələrlə İranın nüvə silahı əldə etməsinə əngəl olmağa çalışır. İranda nüvə proqramında çalışan alimlərin son illərdə qətlə yetirmələri də bununla bağlıdır.
Şimali Koreya və İranla yanaşı daha bir təhlükə Çinin mövcud olan nüvə arsenalını dəfələrlə artırmasıdır. Həyəcan təbilini yenə Vaşinqton çalıb. ABŞ-ın BMT-dəki nümayəndəsi Cefri Eberhart bildirib ki, Çin nüvə arsenalını artırması səbəbini izah etməyib: “Çinin özünü qorumaq və cavab atəşi açmaq üçün kifayət qədər nüvə silahı var. Ancaq Pekin bunu özü üçün kifayət saymır və nüvə arsenalını artırır. Deməli Pekin müdafiəyə deyil, hücuma hazırlaşır”.
Bəllidir ki, Tayvan adası ətrafında vəziyyət gərgin olaraq qalır. Çin özününkü bildiyi adanı ələ keçirməyə çalışır. Pekinin 2025-ci ilə qədər Tayvanı ələ keçirməsi barədə planları var. Çin rəsmiləri bu planlarını gizlətmir və bildirirlər ki, əgər Tayvan adasına görə ABŞ-la üz-üzə qalarsa həm müdafiə olunmalı, həm də hücum keçməlidirlər.
Vaşinqton nüvə məsələsində Pekinlə əməkdaşlığa hazırdır. Çünki ABŞ nüvə toqquşması təhlükəsini minimuma endirmək istəyir. ABŞ Rusiya ilə illərdir strateji nüvə təhlükəsizliyi ilə bağlı danışıqlar aparır, iki dövlət nüvə balansını mümkün qədər aşmamağa çalışırlar. Ancaq Çin bu prosesdən kənardadır. Pekinin nüvə balansını qorumasıyla bağlı məsuliyyəti yoxdur, heç bir müqaviləyə imza atmayıb. Ona görə Vaşinqton çalışır ki, Rusiya ilə oxşar müqavilələr Pekinlə də imzalansın.
Pekin hələ ki, bu təklifə müsbət cavab verməyib. Pekin Vaşinqtonla dialoqdan imtina etmir, ancaq Çin hakimiyyəti istəyir ki, əgər onlar nüvə arsenalını azaldacaqlarsa, ABŞ da nüvə arsenalını Çindəki qədər azltmalıdır.
Aydındır ki, ABŞ Pekinin bu tələbini qəbul etməz. Çünki, ABŞ-ın dərdi tək Çinlə əlaqəli deyil, başqa nüvə dövlətləri də var ki, Vaşinqton nüvə balansını bu dövlətlərin külliyatı əsasında formalaşdırmalıdır. Çinlə yanaşı ətraf ölkələrdən Hindistan və Pakistan da nüvə silahlarına malikdirlər. Onlar da Çin kimi nüvə silahlarının məhdudiyyəti ilə bağlı heç bir beynəlxalq sazişə imza atmayıblar.
Beləliklə, ABŞ-la Çin arasında toqquşma baş verəcəksə, bu Tayvan ətrafında olacaq. Bunu həm Vaşinqton, həm də Pekin bilir. Pekin Tayvandan əl çəkən, Vaşinqton isə bu adanın müstəqilliyindən imtina edən deyil. Bu məsələdə iki dövlət arasında konsensus yoxdur. ABŞ prezidenti Co Bayden Tayvan məsələsində geri addım atmayacağını bəyan edib.
Elxan Şahinoğlu, “Atlas” Araşdırmalar Mərkəzinin sədri