Newscenter.az.27.10.2021. "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci dəfə Qarabağa səfər etdi. Qardaş ölkənin rəhbərinin Füzulidə olması, yeni hava limanının açılışında iştirak etməsi, eləcə də Zəngilana — "Ağıllı kənd"ə səfəri Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi olmaqla yanaşı, həm də bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm tarixi hadisədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə liderləri Füzuli Beynəlxalq Hava Limanının, yəni Qarabağın hava qapısının açılışında iştirak etdilər:
"Cəmi 8 aya inşa olunan bu beynəlxalq statuslu hava limanı da daxil olmaqla Azərbaycanın Qarabağda həyata keçirdiyi bərpa-quruculuq işləri çox yüksək qiymətləndirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da söylədiyi kimi, azad edilən ərazilərin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil. Azərbaycan bütün dünyaya örnək olacaq bir model ilə bu bölgəni inkişaf etdirmək üçün fəaliyyətini davam etdirir. Liderlərin birgə bəyanatında da qeyd olunduğu kimi, davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyiş üçün bu gün əlverişli şərait yaranıb. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Qarabağdan verilən əsas mesaj ondan ibarət idi ki, Ankara da, Bakı da bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıdır. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyimiz bir dəhlizin təməlini qoyan Azərbaycan və Türkiyə bu bölgənin əsas söz sahibi olduqlarını bir daha bəyan etmiş oldular."
Millət vəkili vurğulayıb ki, post-münaqişə dövründə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işləri bundan sonra da davam edəcək:
"Türkiyə də qardaş ölkə kimi bu prosesdə Azərbaycanın yanındadır. Rəcəb Tayyib Ərdoğan da bir daha bəyan etdi ki, Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməyə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmağa davam edəcəyik".
Könül Nurullayevanın sözlərinə görə, qısa müddətdə bu investisiyaları yatırmaq və bu işləri həyata keçirmək isə təbii ki, həm də keçmiş məcburi köçkünlərimizin geri qayıtmasi üçün bir müjdədir:
"Bir sözlə, Azərbaycan 44 günlük savaşda qalib gəlməklə bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan səbəbi aradan qaldırdı.
Bu gün Qarabağda təməli qoyulan layihələr, tunellər, avtomobil yolları bölgədə görülən işlərin miqyasını göstərir. Zəngilan rayonunda təməli qoyulan birinci özəl sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə projesidir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də Bakı və Ankara çiyin-çiyinə bir yerdə irəliləyir".
Ruhiyyə