Newscenter.az.27.10.2021. “Qardaş ölkə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana növbəti səfəri Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü olduğunu, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın, qardaşlığın regional və dünya miqyasında önəmli amilə çevrildiyini bir daha isbatladı. Həmçinin, bir daha sübut edildi ki, Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə çevrilib, dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır”.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Prezident Rəcəb Tayyip Ərdoğanın Qarabağa 2-ci səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etməsi, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulması, “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olması bir daha qardas ölkənin Azərbaycanın uğurlarını, sevincini paylaşmasına işarə oldu:
“Zəngilanda keçirilmiş görüşlər zamanı bir daha dünaya mesaj verildi ki, hər iki ölkənin liderləri öz əməli fəaliyyətləri ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə edib, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər”.
“Zəngəzur dəhlizinin təməlinin qoyulması tarixi hadisədir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu ilə Bakıdan İstanbula gedən dəhliz yaradılacaq:
“Zəngəzur dəhlizi regionda kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində böyük rolu olacaq. Eləcə də Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətə malik kommunikasiya infrastrukturu formalaşdıracaq. Füzulidə istifadəyə verilmiş, Zəngilan və Laçında tikintisi nəzərdə tutulan hava limanları da regionun inkişafında əhəmiyyətki rol oynayacaq”.
Ruhiyyə