Newscenter.az.27.10.2021. 26 oktyabr 2021-ci ildə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın II Qarabağ savaşından sonra artıq 3-cü səfəri gerçəkləşdi. Bu səfər çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyev və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər, Zəngəzur dəhlizinin təməlqoyma mərasimində iştirak etdilər və təqribən İran sərhəddindən 10 kilometr məsafədə yerləşən Zəbgilan raynunun Ağalı kəndində birgə mətbaut konfransında iştirak etdilər.
Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının tikintisindən sonra ilk xarici qonaq kimi bu hava limanına gəlişi və ölkə başçısı cənab İlham Əliyevlə birgə bu hava limanının açılışında iştirak etməsi, hava limanının rəmzi açarlarını götürməsinin özü siyasi mesaj xarakteri daşıyır və bununla hər iki dövlət başçısı dünyaya qəti mesaj vermiş olurlar. Bu o deməkdir ki, Füzuli Beynəlxalq Hava Limanı qapılarını ilk xarici ölkə olaraq Türkiyə təyyarələrinin üzünə açmış oldu və ehtimal olunur ki, Türkiyənin İstanbul, Ankara, İzmir və Bursa kimi böyük şəhərlərindən bura mütəmadi uçuşlar həyata keçrilə bilər. Bu isə qardaş Türkiyə şirkətlərinin Qarabağın yenidən qurulmasında daha da aktiv şəkildə iştirakını təmin etməklə yanaşı, həm də türk iş adamlarının regiona gəlişinin daha da asanlaşmasına şərait yaratmış olur.
Daha sonra hər iki ölkə başçısının Zəngəzur dəhlizinin təməlqoyma mərasimində birgə iştirakı isə region və dünya dövlətlərinə verilmiş digər önəmli mesajlardan biri hesab edilə bilər. Bu təməlqoyma mərasiminin baş tutması ilə hər iki ölkə başçısı açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizinin açılamasına kimin qarşı çıxmasından asılı olmayaraq bu dəhliz mütləq açılacaq.
Nəhayət, hər iki ölkə lider arasında həm təkbətək baş tutan görüş, həm də birgə keçirdikləri mətbuat konfransı seçildiyi yer baxımından və konfransda söylənilən fikirlər baxımından vacib əhəmiyyətə malik mesaj kimi qəbul edilə bilər.
Son olaraq onu da qeyd etmək lazımdır ki, Türkiyə prezidentinin Azərbaycana səfəri və burada iştirak etdiyi tədbirlərdən sonra Rusiya mətbuatında Azərbaycana qarşı ritorikanın dəyişməsi və nisbətən aqressiyanın artması hiss edilməkdədir. Bu aqqressiya içərsində əsas yeri Dağlıq Qarabağ termininin işlədiləməsi tutur.
Samir Hümbətov-siyasi şərhçi