Newscenter.az.27.10.2021. Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən müharibəsinin iştirakçısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Tədbirdə DSX rəisinin müavini general-leytenant Abbas Xəlilov çıxış edərək hər bir sərhədçinin Azərbaycan Prezidenti, milli dövlətçilik tariximizin ən böyük sərkərdəsi İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında müqəddəs savaşın qalib əsgəri olması, bütövləşmiş ölkəmizin dövlət sərhədlərində vüqarla dalğalanan üçrəngli bayrağımız altında şərəflə xidmət aparması ilə qürur duymasını vurğulayıb.
DSX sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan çavuş və əsgərlərin Vətən müharibəsində böyük qəhrəmanlıqla vuruşmaları, onların döyüş məharəti, vətənpərvərliyi və mübarizliyi nəticəsində Böyük Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin xüsusi rolunun ən ali səviyyədə dəyərləndirilməsi qeyd olunub, dövləti maraqlarımızı layiqincə müdafiə edən övladlar yetişdirdiklərinə görə onların valideynlərinə minnətdarlıq bildirilib.
Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə canlarını fəda edərək xalqımıza qələbə sevincini yaşatmış şəhidlərimizin əbədi ehtiramla yad ediləcəyi, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün hər zaman örnək olacağı vurğulanıb.
Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə medallar təqdim olunub.
Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çəkilmiş və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.