Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa sərt karantin tədbirlərinə keçir



Newscenter.az.29.10.2021. Macarıstan hökuməti koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar bir sıra yeni məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə Macarıstan hökumətinin rəsmi sözçüsü Zoltan Kovacs bildirib.

Belə ki, noyabrın 1-dən etibarən ictimai nəqliyyatda maskadan istifadə, işçilərin məcburi peyvəndi, tibb müəssisələrinə baş çəkmək qadağası tətbiq ediləcək.

Bununla yanaşı, peyvənddən imtina edildikdə, işçi ödənişsiz məzuniyyətə göndərilə və bir ildən sonra işdən çıxarıla bilər. İstisna yalnız tibb müəssisələrinə aiddir.

Macarıstanda pandemiya başlayandan 850 mindən çox COVID-19-a yoluxma aşkar edilib, 30,6 mindən çox insan ölüb.

XXX

Ukraynanın paytaxtı Kiyev isə noyabrın 1-dən ən sərt karantin məhdudiyyətləri ilə əlaqədar qırmızı karantin zonasına keçir.

Bu barədə qərar Ekoloji Təhlükəsizlik və Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının növbədənkənar iclasında qəbul edilib.

İclasın nəticələrinə əsasən, 2021-ci il noyabrın 1-i saat 00:00-dan Kiyev şəhərində epidemiya təhlükəsinin qırmızı səviyyəsinin müəyyən edilməsi barədə qərar qəbul edilib.

Şəhər meri Vitali Kliçko bildirib ki, bu gün səhər saatlarında Kiyev rəhbərliyi paytaxtda qırmızı epidemiya təhlükəsi zonası tətbiq etmək xahişi ilə hökumətə müraciət edib. O, bu tələbi koronavirusun yayılması ilə bağlı vəziyyətin sürətlə pisləşməsi ilə əsaslandırıb. Merin sözlərinə görə, son bir həftə ərzində Kiyevdə gündə 1 000-dən çox xəstə və hər gün 30-50-dən çox ölüm qeydə alınır.

Kiyev meri onu da qeyd edib ki, noyabrın 1-dən paytaxtda bir sıra məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, yalnız peyvənd edilmiş insanlar və ya PCR testi mənfi olan insanlar işləyə və insanların sıx olduğu yerləri ziyarət edə biləcəklər. Eyni qayda ictimai nəqliyyata da aiddir. Məktəblərdə və universitetlərdə təlim distant təhsilə keçir və uşaq bağçalarına yalnız bütün işçilər peyvənd olunarsa, işləməyə icazə verilir.

Qeyd edək ki, Ukraynada 8 region artıq epidemiya təhlükəsinin qırmızı zonasındadır.

Səhiyyə Nazirliyinin məlumatına görə, Ukraynada son sutka ərzində koronavirusa yeni yoluxma hallarının sayı 26 071 nəfər təşkil edib ki, bu da pandemiya dövründə rekord göstəricidir. Gün ərzində 5 366 nəfər xəstəxanaya yerləşdirilib, 10 006 nəfər sağalıb, 576 nəfər ölüb.
Xəbəri paylaş