Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəmi 10 manat nizamnamə kapitalı olan «Diadem» MMC hansı yolla milyonluq tenderlərin "qalibi" olur?



Newscenter.az.29.10.202l. Təxminən 1 ay bundan əvvəl Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Sumqayıt şəhəri ərazisində birinci mərhələdə (görünür ki, bu layihənin hələ ikinci mərhələsi də vardır) 1242 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin tikintisini nəzərdə tutan layihə üzrə «Diadem» QSC ilə 43 milyon manat məbləğində müqavilə bağlayıb. Müqavilə üzrə tikinti işləri 21 sentyabr 2022-ci ildə başa çatacaq. Burda üç məqama diqqətinizi çəkmək istərdim.

Birincisi, məcburi köçkünlərin işğaldan azad olan ərazilərdə məskunlaşması imkanları yarandığı halda onlar üçün Sumqayıtda istismara qəbulu 1 il bundan sonraya nəzərdə tutulan yaşayış məhəlləsi salınmasına ehtiyac yoxdur.

İkincisi, bu yaşayış məntəqəsində 1 məcburi köçkün ailəsi üçün 34621 manat xərclənməsi planlaşdılır. Halbuki, Böyük Bərpa planı üzrə Qarabağda tikilməsi nəzərdə tutullan evlər üçün orta hesabla 25 min manat xərclənəcəyi planlaşdırılır.

Üçüncüsü, görünür ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişlərini 4 il bundan əvvəl yaranmış «Diadem» QSC (əvvəllər MMC) icra edir. Diqqət edin. Təkcə ötən ilin mart ayı ərzində «Diadem» QSC və ya MMC Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən elan olunmuş bir neçə tenderin qalibi olub. Belə ki, MKSİF «Diadem»lə 13 mart 2020-ci il tarixdə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 55 saylı yaşayış binasının tikintisin satınalması üzrə 28,36 milyon manat, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 56 saylı yaşayış binasının tikintisinin satınalması üzrə 28,36 milyon manat, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 57 saylı yaşayış binasının tikintisinin satınalması üzrə 30,92 milyon manat, 15 aprel 2020-ci il tarixində Abşeron rayonu ərazisində 1152 məcburi köçkün ailəsi üçün 9 mərtəbəli 29 ədəd yaşayış binalarının tikintisinin satınalması üzrə isə 70 milyon manat məbləğində müqavilə bağlayıb. Sonuncu müqavilə üzrə 1 köçkün ailəsi üçün mənzil tikintisinə 60764 manat xərclənib.

Beləliklə, ötən ilin 2 ayında MKSİF «Diadem»ə 151 milyon manat , bu il isə 43 milyon manat dəyərində sifariş verib.
Hələ bu bizim bildiklərimizdir. Görəsən, MKSİF cəmi 10 manat nizamnamə kapitalı olan «Diadem» MMC-ni hansı yüksək keyfiyyətinə görə tenderlərinin "qalibi" elan edir.

Qubad İbadoğlu-iqtisadçı ekspert
Xəbəri paylaş