Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Dini radikalizm və ekstremizm, dini ayrı-seçkilik" mövzusunda konfrans keçirilib.



Newscenter.az.30.10.2021. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə "Bakı Metropoliteni"-nin akt zalında "Dini radikalizm və ekstremizm, dini ayrı-seçkilik mövzusunda konfrans keçirilib.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov, “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Mehdi Məmmədov, QSC-nin Aparat rəhbəri Tərlan Dadaşov, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Metropolitenin digər məsul şəxslərinin iştirak etdiyi tədbirdə öncə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Newscenter.az xəbər verir ki, konfransı giriş sözü ilə açan “Bakı Metropoliteni” QSC-nin Aparat rəhbəri Tərlan Dadaşov mövzunun əhəmiyyətindən danışıb. O, bu cür tədbirlərin keçirilməsinin olduqca əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. T.Dadaşov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, eyni zamanda dini maarifləndirmə sahəsində gördüyü işləri xüsusi vurğulayıb.

Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən, bu qələbənin qazanılmasında Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişlərindən, Azərbaycan Ordusunun şücaətindən, eləcə də xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylikdən bəhs edib.

Respublikamızdakı etnik və dini rəngarəngliyə də toxunan sədr müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana xas multikultural modelin regionda və dünyada özünəməxsus nümunə olduğunu bildirib. S. Heydərov təəssüf hissi ilə vurğulayıb ki, ölkəmizdə mövcud olan milli və dini həmrəyliyin pozulmasına, məzhəbçiliyin güclənməsinə yönəlik cəhd hallarına da rast gəlinir.

Sədr müavini vətəndaşların, o cümlədən gənclərin yad, zərərli dini ideologiyadan qorunması istiqamətində təmsil etdiyi Komitənin digər müvafiq orqanlarla birgə gördüyü işlərdən danışıb. Dini radikalizm və ektsremizm barədə də məlumat verən DQİDK-nın sədr müavini bildirib ki, dini radikalizm ideoloji, ictimai və milli təhlükəsizlik müstəvilərində özünü biruzə verir. Eyni zamanda S.Heydərov deyib ki, bəzi halllarda dini kimliyin milli kimliyə qarşı qoyulmasına rast gəlinir. “Xaricdə dini təhsil alan bəzi gənclər öz mənəvi dəyərlərini, tarixi keçmişini unudurlar. Adət-ənənələrimizə, milli bayramlarımıza qarşı çıxırlar”-, deyə sədr müavini əlavə edib. Dövlət Komitəsinin sədr müavini vurğulayıb ki, hətta bu gün də, bəzi vətəndaşlarımız İranın, digər ölkələrin təsir altına düşərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar: "Azərbaycanın dünyəvi dövlət modeli, eləcə də multikultural və tolerant ənənələri çoxlarını qane etmir. Bəzi qüvvələr Azərbaycanda dünyəviliyin zəiflədilməsi, dinin siyasiləşdirilməsi, məzhəbçilik meyillərinin gücləndirilməsi istiqamətində canfəşanlıqla çalışırlar. Ancaq bildirmək istəyirəm, dövlətimiz öz ideoloji sütunlarını qorumaq üçün kifayət qədər qüdrətə və imkanlara sahibdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, eləcə də digər müvafiq dövlət qurumlarımız bu kimi cəhdlərin qarşısını alır və bundan sonra da alacaq”.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Mehman
Xəbəri paylaş