Newscenter.az.31.10.2021. Amerikanın avtomobil istehsalçısı “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, bu həftə “Forbes” jurnalının milyarderlər reytinqinə başçılıq edən İlon Mask bəşəriyyəti aclıqdan xilas etmək üçün pulunun bir hissəsini xərcləməyə hazır olduğunu bildirib.
Newscenter.az xəbər verir ki, milyarder bu barədə sosial şəbəkədə yazıb.
"Əgər Ümumdünya Ərzaq Proqramı bu tvit halqasında 6 milyard ABŞ dollarının dünyanın aclıq problemini necə həll edə biləcəyini izah edə bilsə, mən indi “Tesla”nın səhmlərini satmağa və onu həll etməyə hazıram. Lakin maliyyə hesabatları açıq olmalıdır ki, ictimaiyyət pulun necə xərcləndiyini görə bilsin”, - Mask tviter hesabında yazıb.
Daha əvvəl Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli Maskı faciələrin qarşısını alması üçün aclıqla mübarizəyə vəsait ayırmağa çağırıb. CNN telekanalı bildirib ki, insanların aclıqdan xilas olması üçün Maskın sərvətinin cəmi 2%-i lazımdır. Qeyd edək ki, hazırda dünya tarixinin ən varlı adamı sayılan Maskın sərvəti 289 milyard ABŞ dollarına çatır.
“Forbes” bazar ertəsi “Tesla”nın səhmlərinin qiymətlərinin artması fonunda sərvəti İlon Maskı tarixin ən varlı adamı elan edib.
Oktyabrın 27-də məlum olub ki, “Tesla”nın səhmləri bazar ertəsi şirkətin Hertz ilə distribütor parkına 100 000 elektrik avtomobilinin tədarükü ilə bağlı razılaşma xəbərləri fonunda təxminən 13 % bahalaşıb. Eyni zamanda “Tesla”nın kapitallaşması 1 trilyon dolları ötüb.
Anar TAGIYEV