Newscenter.az.31.10.2021. Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarına görə Azərbaycan dövləti üçün böyük strateji əhəmiyyətə malikdir. Çünki Şuşa sadəcə coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil. Şuşa həm də Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir.
Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan Şuşa şərqlilərə məxsus arxitekturası ilə fərqlənib. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Hər biri əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası, Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair-rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, “Gəncə darvazaları”, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları, memarlıq uslubu ilə inşa olunan digər tikililər şəhərə gələn qonaqları valeh edirdi. Dəniz səviyyəsindən 1403 metr hündürlükdə salınan bu şəhər Turşsu mədən suyu ilə də məşhur olub, kurort kimi qonaqların ən çox istirahət və müalicə olunduqları məkana çevrilib.
Şuşanın bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən canlandırılması, həyata qaytarılması demək olacaq. Bu həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır. Bu mənada Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi olduqca mühüm qərardır.
Dövlət rəhbəri bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Bu qədim şəhərimizin dəyərini, qiymətini bütün dünyaya bir daha bəyan edərək mesaj verdi. Dünya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişiləcəyini görəcək.
Şəki rayon İbrahimkənd kənd tam orta məktəbinin tarix müəllimi Xəyalə Saadova.