Newscenter.az.1.11.2021. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən ötən həftə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyması ilə son 100 ilin ən mühüm tarixi-siyasi hadisəsi olan Zəngəzur dəhlizinin açılması da həlledici mərhələyə qədəm qoydu.
Zəngəzur dəhlizinin əsasının qoyulmasından sonra regionun siyasi və iqtisadi xəritəsi daha sürətlə dəyişməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyan bu dəhlizin tezliklə reallaşması üçün bütün səyləri dəstəklədiyini bəyan etməsi də bunu təsdiqləyir. Beləliklə, Zəngəzur dəhlizi Horadizdən, Ağoğlandan başlayaraq Asiya və Avropaya qədər uzanaraq böyük bir qlobal kommunikasiya dəhlizi olacaq. Bu geniş coğrafiyada bütün ölkələr üçün siyasi və iqtisadi fürsətlər yaranacaq.
Prezidentlər İlham Əliyev və Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” və “Dost Aqropark” layihələrinin təməllərini qoymaqla həm də bölgənin iqtisadi potensialına beynəlxalq tərəfdaşlar üçün yaşıl işıq yandırdı. Bu bölgənin beynəlxalq azad iqtisadi inkişaf və rifah zonasına çevrilməsinin təməlini atdılar. Bu region Cənubi Qafqaz və Şimali Qafqaz, Asiya-Avropa regionu ölkələri arasında güclü iqtisadi mərkəz rolunu oynamaqla bütün dövlətlərin inkişafına töhfə verə bilər.
Türkiyə və Azərbaycan Prezidentlərinin Şərqi-Zəngəzurda strateji layihələrin əsasını qoyması bir daha Azərbaycan-Türkiyə birliyini və gücünü göstərir. Ankaranın regionda aparıcı gücə çevrildiyini təsdiq edir. Ötən gün ABŞ Prezidenti Jo Baydenin “Böyük İyirmilik” ölkələrinin sammitində Ərdoğana xüsusi siyasi jesti, əsgər salamı verməsi və Türkiyənin qlobal güc kimi regionda sabitləşdirici rolunu dəyərləndirməsi həm də Cənubi Qafqazda, Qarabağ və Şərqi-Zəngəzur regionunda proseslərin birbaşa Türkiyənin nüfuzu sayəsində irəliləyəcəyinə işarədir.
Cənab İlham Əliyevin dediyi kimi Türkiyənin artan gücü həm də Azərbaycanın gücü deməkdir.
Vaqif Abdullayev-siyasi elkmlər doktoru, professor