Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Basqal qəsəbəsindı yeni içməli su sistemləri şəbəkəsi yaradılır



Newscenter.az.2.11.2021. Azərbaycanın unikal yaşayış məntəqələrindən olan, tarixi turizm potensialına malik İsmayıllı rayonunun Basqal qəsəbəsində içməli və tullantı su layihəsinin icrasına başlanılıb. Qəsəbənin qədim hissəsini əhatə edən Basqal Dövlət Tarix Qoruğu ərazisində yeni içməli su təchizatı sistemləri yaradılır, qəsəbənin kanalizasiya sistemləri müasir şəkildə yenidən qurulur.

Newscenter.az-a "Azərsu" ASC-dən bildirilib ki, Basqal Dövlət Tarix Qoruğunun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icra vəziyyəti “Azərsu” ASC-nin, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin, Basqal Dövlət Tarix Qoruğunun rəhbərliyinin iştirakı ilə yerində müzakirə olunub və tikinti işlərinə baxış keçirilib. Layihənin ilkin mərhələsi üzrə tikintinin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün işlərin intensiv qaydada icra olunması məqsədilə lazımi göstərişlər verilib.

Orta əsr şəhər mədəniyyətinin elementlərini özündə əks etdirən Basqal qəsəbəsində qədim içməli su təchizatı və kanalizasiya sistemləri mövcud olub. Qədim bulaqlar, kanalizasiya şəbəkəsi və kürəbəndlər (kanalizasiya quyuları) XIII əsrdən indiyədək istismar edilib. Əsrlər boyu kənd sakinləri içməli suyu bulaqdan daşıyıblar. Bəzi sakinlər isə bulaqlardan primitiv qaydada çəkilmiş su xətlərindən istifadə ediblər.

Son dövrlər qəsəbənin genişlənməsi və turizm əhəmiyyətinin artması nəzərə alınaraq qəsəbənin memarlıq üslubu gözlənilməklə içməli və tullantı su sistemlərinin yenidən qurulmasına qərar verilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiyası hesabına həyata keçirilən layihəyə əsasən, qəsəbəyə içməli su Təndirəki mənbəyindən veriləcək. Bu məqsədlə suqəbuledici qurğu yenidən qurulur, mənbədən qoruq ərazisinə polad borularla magistral su kəməri çəkilir. Qəsəbəyə verilən suyun dayanıqlığını təmin etmək üçün həcmi 300 kubmetr olan su anbarı da inşa olunur.
İlkin mərhələdə qəsəbədə 5,7 km uzunluğunda içməli su, 6,7 km kanalizasiya şəbəkəsi yaradılacaq, hər bir ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq. Qəsəbə ərazisində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 650 kubmetr olan modul tipli tullantı sutəmizləyici qurğu və 2,1 km uzunluğunda kollektor da inşa ediləcək. Birinci mərhələ üzrə işlərin 2022-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, qoruq ərazisində küçələri dar və memarlıq abidələrinin çox olması nəzərə alınaraq tikinti işləri mürəkkəb şəraitdə aparılır. Ərazinin memarlıq üslübuna xələl gətirməmək məqsədilə kiçik qabaritli texnikalardan istifadə olunur.

Sevinc
Xəbəri paylaş