Newscenter.az.2.11.2021. İmişlidə cinsi zorakılığa məruz qalan, bunun nəticəsində uşaq dünyaya gətirən 11 yaşlı qızın övladının ölüm xəbəri onsuz da ağır olan faciəni daha da ağır etdi.
Təəssüf ki, müasir dünyanın realıqları uşaqların çətin vəziyyətə düşmə htimalını daha da artırır Valideynlər boşanan zaman, ailədə problemlər olan zaman, uşaq valideynini itirdiyi zaman, valideynlərdən biri ailəsini dolandırmaq üçün digər ölkəyə getdiyi zaman, valideynlərdən biri ikinci dəfə ailə qurduğu zaman və s. kimi hallarda uşaqlar risk zonasına düşür, "həssas" qrupa daxil olur. XXI əsrdə mövcud problemlər, ailə dəyərlərinin bəzən zəifləməsi halları, cəmiyyətdə olan təzyiqlər bu risklərin sayını daha da artırıb. Biz bunu dərk etməliyik. Təkrar etmək istərdim ki, bu məsələ tək cinayət məsuliyyəti məsələsi deyil. Bu müvafiq qurumların məsuliyyəti məsələsidir. Belə halların qarşısının alınması üçün biz ölkəmizdə mövcud vəziyyətə uyğun olaraq problemli ailələrin, həssas qruplardan olan uşaqların nəzarətdə saxlanılması mexanizmini düşünməliyik. Məktəblərdə və müvafiq sosial xidmətlərdə real psixoloq funksiyasını aparan mütəxəsislər olmalıdır. Bu mütəxəssislərin risk qrupları üzrə uşaqların rastlaşa biləcəyi problemləri araşdırmaq, nəzarətdə saxlamaq və bu istiqamətdə əks tədbirlər görmək imkanı olmalıdır. Uşaqların və ya digər ailə üzvlərinin müraciət edə biləcəyi efektiv, real olaraq işlək qaynar xətt olmalıdır. Bu qaynar xəttin nömrəsini elə tanıtmalıyıq ki, ucqar kəndlərdə belə bu nömrə bilinsin. Bu mexanizmi yaratmaq vaxtıdır!
Digər tərəfdən, onu da unutmamalıyıq ki, 3000-ə yaxın şəhidimiz var, onların ailələrinə, övladlarına xüsusi diqqət etməliyik ki, övladlarını bütün risklərdən qoruyaq.
Zorakılığa məruz qalan bu 11 yaşlı qızın yaşadıqlarını düşünmək belə çətindir.. Hazırda hüquq mühafizə orqanları tərəfindən istintaq aparılır və əminəm ki, istintaqın nəticəsi haqda məlumat alacağıq. Lakin biz bu hadisəyə sıradan bir hadisə kimi baxmamalıyıq, problemin kökünü axtarmalıyıq, uyğun mexanizmlər yaratmalıyıq və ən əsası əhalinin ümumi təhsil səviyyəsini artırmalıyıq.
Nigar Arpadarai-Milli Məclisin deputatı