Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə əməkdaşlığı və qardaşlığı dünya miqyasında önəmli amilə çevrilib



Newscenter.az.3.11.2021. “Heç kəsə sirr deyil ki, Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub. Elə müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır. Bu addım Azərbaycana çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Bu birlik bu gün də müşahidə edilməkdədir. Bütün işlərdə də, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki qardaş ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Elə Füzuli Beynəlxalq Hava Limanının birgə açılışı bir daha Türkiyənin və Azərbaycanın iki qardaş ölkə kimi hər zaman bir-birinin yanında olduğunun, birliyinin, gücünün nümayişi idi. İnşası səkkiz ay davam edən Füzuli Beynəlxalq Hava Limanında da Azərbaycan və Türkiyə şirkətləri iştirak ediblər”.

Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib:

“Tarixi hadisə kimi yaddaşlarda qalan Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi bir daha iki qardaş ölkənin birliyinin böyük gücə çevrildiyini nümayiş etdirir. Heç şübhəsiz ki, qardaş Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, işğaldan azad olunmuş ərazilərə səfərləri dünyaya mesajdır. Bu mənada, Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Çünki bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, iki qardaş ölkə bir yerdədir, birliyi sarsılmazdır və əbədidir”.


“Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün işğaldan azad olunan ərazilərdə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir:

“Bu, bir daha Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının təcəssümüdür. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək”.

Ruhiyyə
Xəbəri paylaş