Newscenter.az.3.11.2021. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə paytaxtdakı 2 nömrəli Texniki-Humanitar Lisey və Şuşa 1 nömrəli tam orta məktəbi arasında milli-mənəvi dəyərlərin təbliği, mütaliə mədəniyyəti, yazı vərdişlərinin formalaşdırılması istiqamətində birgə fəaliyyəti əks etdirən əməkdaşlıq sazişi imzalanıb.
Newscenter.az xəbər verir ki, Şuşa 1 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, qazi müəllimlər, KİV təmsilçiləri, məktəb direktorları və digər qonaqlar iştirak edib.
Tədbir Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva 2 nömrəli Texniki-Humanitar Lisey və Şuşa şəhər 1 nömrəli tam orta məktəbi arasında imzalanan əməkdaşlıq sazişini ölkəmizin inzibati və mədəniyyət paytaxtları arasında uğurlu təhsil körpüsü adlandırıb. Bildirib ki, bu təşəbbüs Şuşadan uzaqda böyüyən, Vətənin Şuşa adlı cənnətini sadəcə şəkillərdən, lentlərin yaddaşına köçən kadrlardan görən, böyüklərin dilindən eşidən uşaq və gənclərin Bakıdan Şuşaya uzanan mənəvi bağlılığıdır.
İdarə müdiri birgə əməkdaşlıq sazişi çərçivəsində “Yaşıl körpü” ağacəkmə aksiyasında əkilən 44 ağacın Vətən Müharibəsi şəhidlərinin xatirəsinə sonsuz minnətdarlığın, vəfa borcunun kiçik bir rəmzi olaraq dəyərləndirib.
Paytaxt məktəblərində mütəmadi olaraq çoxsaylı ekoloji layihələrin həyata keçirildiyini, məktəblilərin ekoloji tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını bildirən M.Vəliyeva ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ edən “Yaşıl məktəb” layihəsinin də belə təşəbbüslərdən biri olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin 1830-cu ildə məhz Şuşada inşa olunduğunu, işğal dövründə qədim tarixə malik 1 nömrəli tam orta məktəbin də erməni vandalları tərəfindən dağıdıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mayın 12-də Şuşada məktəbin təməlinin qoyulması təhsilə olan ali dəyərin göstəricisidir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və hər iki məktəbin direktoru bildiriblər ki, mühüm əhəmiyyət kəsb edən sazişə uyğun olaraq keçirilməsi nəzərdə tutulan birgə seminar və təlimlər, həmçinin şagirdlərin ümumrespublika və beynəlxalq yarışlara hazırlıqlarına köməklik göstərmək, kitabxana və muzey imkanlarından qarşılıqlı istifadə və digər birgə fəaliyyət qarşılıqlı təcrübə mübadiləsinə, şagirdlərin uğurlu nəticələr əldə etmələrinə öz töhfəsini verəcək.
Sonra məktəblər arasında əməkdaşlıq sazişi imzalanıb.
Daha sonra tədbir iştirakçıları məktəbin həyətində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkiblər.
R.Mehdiyeva