Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dəmir yumruğ”un gücü ilə tarixi dəyişən 44 gün



Newscenter.az.3.11.2021. Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatdı və 30 ilə yaxın 44 gün davam edən İkinci Vətən Müharibəsi işğala həmişəlik son qoydu. Güclü Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.

Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı da bildirdi ki, 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq: "Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur.

Cəmi 44 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Güney Qafqaz regionunda yeni reallıq bərqərar olsun və bu 44 gün müddətində terrorçu Ermənistanın “status-kvo”nu ürəyində qalsın. Dövlət başçısı xalqa müraciətində də dəfələrlə bildirdi ki, “status-kvo” artıq yoxdur: “Status-kvo” deyilən məsələ yoxdur. Qurtardı getdi. “Status-kvo” belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax, orda, döyüş meydanında. “Status-kvo” yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini.
Vətən müharibəsi zamanı siyasi partiyaların cənab İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.

Azərbaycan hər zaman daxil olduğu mədəniyyət bölgəsinin ən gözəl, nadir incisi kimi tanınmağı bacarıb. 30 il həmin torpaqlar düşmənin tapdağında qalmışdı. Nə bir quruculuq, nə də bir yaradıcılıq işi aparılmışdı, əksinə, dağıdılıb, yandırılıb, talan edilmişdi. Çox əhəmiyyətli bir faktdır ki, hələ savaş bitməmiş, Prezidentin əmri ilə artıq azad olunmuş ərazilərdə quruculuq, bərpa işləri başlandı. Uzun illər reallaşmadan qalan mahiyyət ilk imkanda özünü ifadə etməyə başladı. Yeni ilin ilk dəqiqələrində dövlət başçısı öz xalqına məhz bu mesajı verdi: “Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!” Bu sözlər möhtəşəm bir eranın gəlişinin müjdəsidir, Vətənin quruculuğunda heç kəsin kənarda qalmamasına bir çağırışdır.
Tarixi qələbəmizlə bitən müharibədən keçən bu bir ildə Azərbaycan dövləti göstərdi ki, ölkəmiz ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklər də xalqımız tərəfindən heç zaman unudulmayacaq. Bir də ki, əgər Ermənistanda kimlərsə yenə də revanşist şüarlar səsləndirməyə qalxarlarsa, bu, erməni xalqına daha böyük bədbəxtliklərdən başqa heç nə gətirməz.

Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Xəbəri paylaş