Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda məcburi köçkünlər üçün tikilən 1242 ailəlik qəsəbə şəhid ailələri və Qarabağ əlillərinə veriləcək



Newscenter.az.3.11.2021. Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində sistemli dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilib. Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilib.

Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, bu günədək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında 116 müasir qəsəbə salınıb. Qəsəbələr bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib. 300 mindən çox məcburi köçkünün, yəni 62 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhərində 1242 ailəlik qəsəbə tikilməkdədir. Tikintisi 2021-ci ilin ortalarında başlayan qəsəbənin, 2022-ci ilin ortalarında istifadəyə verilməsi gözlənilir. Dövlət Komitəsi tərəfindən 2019-2020-ci illərdə ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksləri Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi iştirakçılarına, Qarabağ əlillərinə, şəhid ailələrinə, əlillərə verildiyi kimi, 1242 ailəlik qəsəbənin də tikintisi başa çatdıqdan sonra, həmin kateqoriyadan olan insanlara verilməsi nəzərdə tutulub.

Azərbaycanın ötən ilin payızında Ermənistanı məğlubiyyətə uğradaraq, öz tarixi ərazilərini işğaldan azad etməsi nəticəsində yaranan yeni reallıqlar, o cümlədən məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına hazırlıq başlayıb. Təhlükəsizlik şəraiti, kommunikasiya təminatı yaradıldıqdan, yaşayış sahələri bərpa olunduqdan və yenidən tikildikdən sonra məcburi köçkünlərin, beynəlxalq normalar əsasında, həmin ərazilərə köçürülməsinə başlanacaqdır.

Sevinc
Xəbəri paylaş