Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz”la “Gəncə Cihazqayırma Zavodu” memorandum imzaladı



Newscenter.az.4.11.2021. Bu gün “Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında memorandum imzalanıb. Newscenter.az-a “Azəriqaz”dan verilən xəbərə görə, Birliyin baş direktoru Ruslan Əliyevlə ASC-nin icraçı direktoru Ayət Bağırovun imzaladığı sənəd ölkə başçısının tələb və tövsiyələrinə əsaslanaraq reallaşıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi strateji məqsəd olaraq müəyyənləşdirilib.

Ölkə üzrə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılması və ixrac imkanlarının genişləndirilməsi dövlətin prioritet vəzifələrindən sayılır. Daxili istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsinə verilən dəstək də bu niyyətdən doğur.

“Gəncə Cihazqayırma Zavodu” ASC ilə imzalanan memorandum G-4T və G-2,5T məişət tipli mexaniki qaz sayğaclarına olan tələbatın yerli istehsalçı tərəfindən ödənilməsi, istehsal edilməsinin hüquqi bazasını təmin edəcək.

Tədbirdə çıxış edən Birliyin baş direktoru Ruslan Əliyev bildirdi ki, bu əməkdaşlıq sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq, eyni zamanda xarici valyutanın ölkədən kənara çıxmasının qarşısını alacaq, şəffaflığı təmin edəcək. Üstəlik, fəaliyyət sahəsi üzrə xərclərin optimallaşdırılmasına və gəlirlərin artırılmasına şərait yaradacaq.

“Gəncə Cihazqayırma Zavodu” ASC-nin icraçı direktoru Ayət Bağırov Birliyin tələblərinin yüksək səviyyədə qarşılanması üçün peşəkar kollektivə və dünya standartlarına cavab verən avadanlıqlara sahib olduqlarını deyib. Əmin edib ki, istehsal edəcəkləri sayğaclar abonentlərə göstərilən yüksək səviyyəli xidmətə adekvat olacaq.

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev şəffaflığın təmin olunması baxımından mətbuat nümayəndələrinin zavodun işi və şəraiti ilə tanış olmaları məqsədi ilə Gəncəyə səfərinin təşkil ediləcəyini də bildirdi.

Mehman
Xəbəri paylaş