Newscenter.az.4.11.2021. Azərkitab Kitab Mərkəzində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Azərkitab Kitab Mərkəzinin dəstəyi ilə Azərbaycanda ilk dəfə "Meksika Ölülər Günü"nə həsr olunmuş "Tzompantli" adlı sərgi-tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, sərgini giriş sözü ilə sərginin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Elnurə və Aygün İsgəndərovalar açaraq qonaqları və iştirakçıları salamlayıb, sərgi haqqında geniş məlumat veriblər.
Daha sonra çıxış edənlərdən Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores Azərbaycan xalqına və dilinə olan sevgisini Azərbaycan dilində çıxışı ilə göstərib.
Burada sərgilənən əsərlər Tzompatli adlı icma incəsənət layihəsində iştirak etmək məqsədilə Meksikaya göndərilib .
Qeyd edək ki, beynəlxalq sərgiyə bu il Azərbaycandan olan 70-ə yaxın tanınmış və gənc rəssam bir-birindən maraqlı və rəngarəng işləri ilə öz töhfələrini veriblər.
Daha sonra çıxış edənlərdən Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı Təmsilçiliyinin təhsil və mədəniyyət atteşesi Tevfik Ulual, A&J Holdinqin direktor müavini, texnika elmləri doktoru, professor Ənvər Həzərxanov sərgi-tədbirlərin keçirilməsini ölkələrarası oxşar adət-ənənələr təbliğinə xidmət etməklə yanaşı dostluq münasibətlərinin inkişafında əvəzsiz rol oynadığını vurğulaayıblar.
Sərgidə 70-ə yaxın əsər nümayiş olunub.
Sonda Meksika Səfirliyi tərəfindən sərginin təşkilatçıları diplom, iştirakçılar və media nümayəndələri isə sertifikatlarla təltif olunublar.